Asəf Zamanov Dağbəyi oğlu
Asəf Dağbəyi oğlu Zamanov
Fizika-riyaziyyat elmləri doktoru, professor, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru
İş telefonu: +(994)12 493 05 85
Qısa bioqrafik məlumat
Asəf Dağbəyi oğlu Zamanov 10 may 1957-ci ildə Şahbuzda ziyalı ailəsində anadan olmuşdur. 1974-cü ildə orta məktəbi bitirib Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olmuş, 1979-cu ildə həmin fakültəni bitirmişdir. 1978-1979-cu tədris ilində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hesablama riyaziyyatı və kibernetika fakültəsində təhsil almış, SSRİ Dövlət mükafatı laureatı professor A.S.İlinskinin rəhbərliyi ilə diplom işini yerinə yetirmişdir. 1983-1986-cı illərdə Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasında əyani təhsil almışdır.
Əmək və elmi fəaliyyəti
1979-1994-cü illərdə Riyaziyyat və Mexanika İnstitutunda böyük laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi.
1994-1997-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi katibi.
1997-2007-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm İdarəsinin rəisi.
2000-2001-ci illərdə, həmçinin Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktoru.
2007-2016-cı illərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun (Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun) rektoru.
2015-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun rektoru v.i.e..
18 mart 2016-cı il tarixdən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar üzrə prorektoru,
1986-cı ildə «Устойчивостъ полых цилиндрических тел под одновременном действии «мертвых» и «следящих» нагрузок» mövzusunda dissertasiya müadafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə, 2003-cü ildə “Собственные и вынужденные колебания пластин из композитного материала с искривленными структурами” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə, 2009-cu ildə professor elmi adına layiq görülmüşdür.
Riyaziyyatçıdır, deformasiya olunan bərk cisim mexanikası sahəsində tanınmış mütəxəssisdir. 120-yə qədər elmi əsərin, o cümlədən 1 monoqrafiyanın (“Колебания пластин из композитного материала с искривленными структурами”, Баку, Элм, 2011, 190 стр.), ali məktəblər üçün Riyaziyyat, Sosial işin əsasları dərsliklərinin, 6 dərs vəsaitinin və s. müəllifidir. Əsərlərinin xeyli hissəsi xarici ölkələrin nüfuzlu elmi jurnallarında (Mechanics of Composite Materials, İnternational Applied Mechanics, European Journal of Mechanics A/Solids və s.) çap olunmuşdur. Rusiyada, Ukraynada, Özbəkistanda, Latviyada, Almaniyada, Fransada, Macarıstanda, ABŞ-da, İtaliyada, İspaniyada, İsveçdə, Türkiyədə, Sinqapurda, Cənubi Koreyada, İranda, Gürcüstanda elm və təhsil sahəsində keçirilən beynəlxalq konfranslarda, simpoziumlarda elmi məruzələrlə çıxış etmiş, elmi bölmələrə rəhbərlik etmiş, Azərbaycanı yüksək səviyyədə təmsil etmişdir. 12 beynəlxalq elmi konfransın Təşkilat Komitəsinə rəhbərlik etmişdir. Elmi rəhbərliyi ilə 9 namizədlik (fəlsəfə doktorluğu) dissertasiyası hazırlanmış və müdafiə edilmişdir.
İctimai əsaslarla apardığı vəzifələr
2005-2014-cü illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika ixtisasları üzrə Ekspert Şurasının üzvü olmuşdur.
1997-ci ildən Beynəlxalq Elmlər Akademiyaları Hesablama Riyaziyyatı üzrə Koordinasiya Komitəsinin üzvüdür. ABŞ-da (ingilis dilində) və Latviyada (rus dilində) nəşr edilən impakt-faktor göstəricili “Mechanics of Composite Materials” Beynəlxalq elmi jurnalının Redaksiya heyətinin üzvü, "Pedaqoji Universitetin Xəbərləri" Riyaziyyat və Təbiət elmləri seriyasının baş redaktoru, Humanitar, ictimai və pedaqoji-psixoloji elmlər seriyasının baş redaktorunun müavini, Beynəlxalq Mexanika-Maşınqayırma” elmi jurnalının baş redaktorunun müavini, “Nəzəri və tətbiqi mexanika”,”Gənc istedad” elmi jurnallarının baş redaktorunun müavini (2008-2010), Azərbaycan məktəbi, Təhsildə İKT elmi jurnallarının redaksiya heyətinin üzvüdür. YUNESKO-nun “Elmi Biliklərin və Texnologiyaların Etikası” Azərbaycan Komitəsinin, Azərbaycan Respublkası Təhsil Şurası İdarə heyətinin üzvü, Azərbaycan Texniki Universitetinin nəzdindəki Dissertasiya Şurasının üzvü (2004-2006), Riyaziyyat Mexanika İnstitutunun nəzdindəki doktorluq Dissertasiya şurasının üzvü (2015-2016), ADPU nəzdindəki FD 2.061 Dissertasiya Şurasının sədr müavini (2016-2018), FD 2.15 Dissertasiya Şurasının sədr müavini (2019-cu ildən), Fasiləsiz Pedaqoji Təhsil üzrə Respublika Koordinasiya Şurasının üzvüdür.
2017-ci ildə ilk dəfə Azərbaycanda yaradılmış ADPU-nun TÜRKSOY kafedrasının rəhbəridir.
2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elmin və təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı, 2007-ci ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının “Yubiley medalı”, Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.
İngilis, rus və türk dillərini bilir.
Ailəlidir, dörd övladı var.