Layihənin adı: “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR)
Maliyyələşdirən təşkilat: Avropa Birliyinin ERASMUS + CBHE proqramı
Qrant nömrəsi: 619354-EPP-1-2020-1-AZ-EPPKA2-CBHE-JP
İcra müddəti: 15.01.2021 - 14.01.2025
Layihənin əsas məqsədi: Layihənin əsas məqsədi Elm və Təhsil Nazirliyinin bilavasitə iştirakı ilə təhsil müəssisələrinin, ali və ali təhsildən sonrakı təhsilin inkişafı, tədris prosesinin, elmi işin, elmi-pedaqoji və digər işçilərin ixtisaslarının artırılmasının və yenidən hazırlanmasının təşkili sahəsində müsbət təcrübənin ümumiləşdirilib yayılması, Respublikada təhsil sisteminin təkmilləşdirilməsi, habelə ali təhsil müəssisələri kollektiv üzvlərinin sosial müdafiəsi, ali məktəblərin Respublikanın sosial-iqtisadi və mədəni inkişafına təsirinin gücləndirilməsi istiqamətlərində fəaliyyətlərini əlaqələndirmək məqsədilə (əsasnamə, 1996) Rektorlar Konfransını yaratmaqdır.
İnternet səhifəsi: http://ecar.net.az/
Layihədə ADPU-nun vəzifələri - ADPU tərəfindən görülmüş işlər:
- Azərbaycan ali təhsil müəssisələri arasında elmi, təhsil, mədəni və iqtisadi əməkdaşlığı təşviq etmək, milli və beynəlxalq təşkilatlarla dialoqu genişləndirmək, bu sahədə əlaqələrin inkişafını təmin etmək;
- Ali təhsil sistemində qəbul edilmiş prinsip və standartların inkişafını dəstəkləmək. Azərbaycan Respublikasında qəbul edilmiş Təhsil Qanunu, Təhsil Standartı və Təhsil Strategiyalarının bütün ali təhsil müəssisələrində bərabər şəkildə tətbiqini təmin etmək üçün dövlət qurumları, təhsil müəssisələri və iş dünyası arasında intensiv görüş və dialoqların təşkilini təmin etmək;
- Milli Təhsil Şəbəkəsinin yaradılmasına dəstək vermək və bu şəbəkənin fəaliyyətini genişləndirmək;
- Bütün ali təhsil müəssisələrinin bərabər şəkildə inkişafını təmin edən ali təhsil sisteminin tarazlı inkişafını dəstəkləmək;
- Azərbaycan elmi, mədəniyyəti və təhsilinin inkişafı üçün mühüm olan məsələlər üzrə ekspert rəyləri formalaşdırmaq, bu rəyləri müvafiq qurumlara təqdim etmək və onların icrasını təşviq etmək;
- Ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək və onların beynəlxalq təhsil proqramlarında fəal iştirakını təmin etmək;
- Rektorlar Konfransının Avropa təcrübəsi, o cümlədən Litva, Polşa, İsveç, Belçika, İspaniya, Portuqaliya təcrübəsi öyrənilmiş və onların ali təhsildə rolu, vəzifələri, maliyələşmə mexanizmləri, fəaliyyətləri, hüquqi təsisi, nüfuzu və s. haqqında ən yaxşı təcrübələri araşdırılmışdır;
- Rektorlar Konfransının daxili idarəetmə strukturu və əsasnaməsi hazırlanmışdır;
- Rektorlar Konfransının komitələri təşkil edilmiş, idarə və üzv heyəti müəyyənləşdirilmiş və fəaliyyətə başlaması təmin edilmişdir;
- Rektorlar Konfransının ayrı-ayrı komitələrinin işinin təşkil olunması məqsədilə təlimlər keçirilmiş və bu sahədə Avropa təcrübəsi öyrənilmişdir;
- Layihə çərçivəsində ali təhsildə gündəmdə olan aparıcı mövzular üzrə silsilə təlimlər təşkil edilmişdir: Dəyişikliyin idarəolunması - Transformasional öyrənmə və öyrətmə; Liderliyin əsasları və İnsan resurslarının idarəolunması üzrə sertifikatlı təlimlər keçirilmişdir;
- Komitə rəhbərlərinin fəaliyyətlərini dəstəkləmək üçün təlimlər təşkil edilmişdir.