Previous Next

Pedaqoji Universitet tədris ilinə yeniliklərlə başlayır

Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun nəticələrinə əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan və ingilis bölmələri üzrə qəbul planı 100 faiz dolub. Yalnız rus bölməsində bir neçə boş yer qalıb. Ümumilikdə isə ADPU-nun 2570 nəfərlik qəbul planı 96,42 faiz dolub. Beləliklə, ADPU-nun hər il qəbul planının yüksək  faizlə dolması ölkəmizdə və universitetdə aparılan davamlı islahatların, müəllimlik peşəsinin artan nüfuzunun təbii məntiqi nəticəsidir. Xatırladaq ki, ötən il ADPU-nun qəbul planı 2470 nəfər idi.                                                                     Azərbaycan Dövlət Pedaqoji Universiteti bütün sahələr üzrə yüksəkixtisaslı pedaqoji kadr hazırlamaq missiyasına uyğun olaraq, dövrün tələblərini nəzərə alaraq, ilbəil yeni ixtisaslar üzrə kadr hazırlığını genişləndirir, təhsildə ən müasir innovativ texnologiyaları tətbiq edir.
Tələbələri üçün geniş imkanlar yaradan ADPU-da cari tədris ilindən bakalavriat səviyyəsi üzrə iki yeni ixtisas (“Dil və ədəbiyyat müəllimlliyi (türk dili üzrə)”, “Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə)”)), bir neçə ixtisasda isə rus və ingilis bölmələri, magistratura səviyyəsində bir yeni ixtisaslaşma ("Menecment (Ali təhsilin təşkili və idarə olunması)") üzrə qəbul aparılıb. Qeyd edək ki, yeni açılan ixtisaslar üzrə qəbul planları tam dolub. Eyni zamanda Pedaqoji Universitetdə 2023-2024-cü tədris ilindən etibarən tələbələrin ölkəmizin müxtəlif regionlarında təcrübə keçmələrini təmin edəcək pedaqoji internaturanın tətbiqinə start veriləcək.
Yeni tədris ilinə hazırlıqla bağlı görülən tədbirlərdən biri də müasir dövrün tələbləri nəzərə alınaraq, davamlı surətdə icra olunan elektron tədris resurslarının yaradılmasıdır. ADPU-da professor-müəllim heyətinin “Moodle” kabinetlərinin yaradılması üzrə müəllimlərə təlimlər və könüllü  olaraq kabinetlərinin yaradılması prosesi bir ildən çoxdur ki, davam edir.  Artıq ADPU, filiallar və kollecin 500 nəfərədək müəllimi “Moodle” kabineti yaratmışdır. 
Məlum olduğu kimi, “Moodle” (Modular-Object-Oriented-Dynamic-Learning-Environment) – dünyada ən geniş yayılmış sərbəst, pulsuz, məsafədən və qeyri-sinxron öyrənmə sistemidir. Dünyanın bütün ölkələrində əlçatan olan bu sistem 82 dildə (Azərbaycan dilində də əsasən) dəstəklənir. Bu sistemdə ADPU-nun bütün müəllimlərinin dərslərinin və dərs materiallarının  olması tələblərin dərs materialları ilə təminatının yaxşılaşmasına, tədris resurslarına əlçatanlığın yüksəlməsinə böyük töhfə verəcək. Əsas amillərdən biri də fors-major hallarda (pandemiya və s., səbəblərdən əyani dərslərin dayandırılması) bu sistemlər vasitəsilə Universitetin tədris prosesini rahatlıqla davam etdirməsidir. Universitet Elmi Şuranın son iclasının qərarına əsasən, cari tədris ilindən  başlayaraq müəllimlərin “Moodle” kabinetlərinin olması məcburidir.  
Məlumat üçün bildirək ki, ADPU-da bakalavriat səviyyəsi üzrə 24 ixtisasda, magistratura səviyyəsi üzrə 28, doktorantura səviyyəsi üzrə isə 33 ixtisaslaşmada kadr hazırlığı həyata keçirilir.
Cari tədris ilində tələbə qəbulunun I turunun nəticələrinə əsasən, ADPU-nun I tədris ilinə qəbul olunanların sayında 2,3 % artım qeydə alınıb. I tədris ilinə qəbul olunanlar arasında ən çox artım III və V qruplardadır. III qrupda 6 %, V qrupda isə 6,5 % artım qeydə alınıb.  Qəbul olanlardan 981 nəfəri 400-dən çox, 930 nəfəri 300-400 arası bal toplamış şəxslərdir. Bu il subbakalavr yolu ilə ADPU-ya qəbul olan yoxdur. 
Hazırda qəbul olanların onlayn qeydiyyatı davam edir və artıq tələbə adını qazanmış şəxslərin 97 % qeydiyyatdan artıq keçib.  Onlardan  138 nəfəri güzəşt kateqoriyası üzrə qeydiyyatdan keçib. Bundan əlavə ötən illə müqayisədə yeni qəbul olunanlar arasında dövlət sifarişi ilə təhsil alacaq tələbələrin sayında da 2,4 % artım qeydə alınıb. Ümumilikdə isə, cari tədris ilinin I tur qəbul nəticələrinə əsasən, qəbul olunan tələbələrin 64 %-i dövlət sifarişi əsasında təhsil alacaq. Güzəşt kateqoriyalarına aid olan ödənişli əsaslarla təhsil alan tələbələrin də təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənildiyi nəzərə alınarsa, bu nisbətin 70 %-dən çox olacağı proqnozlaşdırılır.
Ödənişli əsaslarla təhsil alan tələbələrimiz üçün təhsilin əlçatanlığını təmin etmək məqsədi ilə ADPU I tədris ilinin tələbələrinə qeydiyyat zamanı təhsil haqqının 50 faizini ödəməyə imkan yaradır. Bunlarla yanaşı, tələbələrimiz Tələbə Təhsil Krediti Fonduna müraciət edərək, sərfəli şərtlərlə təhsilhaqqı kreditindən də yararlanırlar. Belə ki, ötən tədris ilində 399 nəfər ADPU tələbəsi tələbə təhsil kreditindən yararlanıb. Cari ildə də qeydiyyat prosesində tələbə təhsil kreditinə müraciət edənlərin sayı hələki 48 nəfərdir.  
ADPU-da magistratura səviyyəsi üzrə qəbul nəticələri də yüksək qiymətləndirilməkdədir. Belə ki, 2023-2024-cü tədris ilində 440 plan  yerin 100 faiz dolmuş, müəyyən səbəblərdən 10 nəfər qeydiyyatdan keçməmişdir. Nəticədə yekun qəbul nisbəti 97.7 % təşkil edir.
Magistratura səviyyəsində bir sıra ixtisaslaşmalar üzrə qəbul ballarının əvvəlki illərə nisbətən artması da diqqəti cəlb edir. “Pedaqogika” ixtisasının “Təlim və tədrisin təşkili və metodikası (SABAH)” ixtisaslaşması üzrə 2023/2024-cü tədris ilində dövlət sifarişli 30 plan yeri tam dolmuş, ixtisas üzrə keçid balı 74, ən yüksək nəticə isə 90,5 bal təşkil etmişdir. 
2021/2022-ci tədris ilindən qəbul aparılan MBA proqramı üzrə “Biznesin təşkili və idarə edilməsi (təhsilin təşkili və idarə edilməsi)” ixtisaslaşmasının keçid balı 58 bal, ən yüksək nəticə isə 94 bal olmuşdur. 
ADPU-nun magistraturalarına dövlət sifarişi əsasında ən aşağı keçid balı “Təsviri incəsənət müəllimliyi” ixtisasının “Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası” ixtisaslaşmasında (58,5 bal), ən yüksək keçid balı isə “Tarix müəllimliyi” ixtisasının “Tarix fənninin tədrisi metodikası və metodologiyası” ixtisaslaşmasındadır (81 bal).

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search