Sentyabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Alqoritmika” şirkətinin əməkdaşlığı ilə tələbələr üçün təşkil olunan “Code for future” layihəsi çərçivəsində “Alqoritmika” tədris proqramı ilə bağlı info-sessiya keçirilib.
Tədbirdə ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva, “Alqoritmika” şirkətinin nümayəndəsi, layihə rəhbəri Qəmər Məmmədova, “Code for future” layihəsinin meneceri Nəzrin Əliyeva, ADPU-nun Kompüter elmləri kafedrasının müdiri Səadət Mazanova, ADPU-nun Strateji İnkişaf Mərkəzinin əməkdaşları, həmçinin “riyaziyyat və informatika müəllimliyi” və “informatika müəllimliyi” ixtisaslarında təhsil alan sonuncu kurs tələbələri iştirak ediblər.
Məlumat üçün bildirək ki, tələbələrin informatika və rəqəmsal bacarıqlar sahəsində səriştələrinin artırılması məqsədi ilə reallaşdırılan layihədə kompüter elmləri və “Scratch”də proqramlaşdırma, rəqəmsal bacarıqlar proqramında “Python” üzrə fənn biliyi, bununla yanaşı “Rəqəmsal bacarıqlar” layihəsi icra olunan ümumtəhsil məktəblərində praktiki tədris təcrübəsi mənimsədilir.