Sentyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti iclası keçirilib. İclası açan ADPU-nun rektoru professor Cəfər Cəfərov cari ilin 19-20 sentyabrında müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə Qarabağda həyata keçirilən uğurlu antiterror əməliyyatlarından söz açaraq şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Rektor qeyd edib ki, uğurlu antiterrer əməliyyatlarının yekununda regionda olan erməni seperatçıları ağ bayraq qaldırmağa məcbur oldu və Xankəndidəki erməni icmasının nümayəndələri ilə Yevlax şəhərində reinteqrasiya məsələləri barədə görüş keçirildi. Beləliklə, Azərbaycan öz suverenliyini tam bərqərar edərək erməniəsilli əhalinin sürətli reinteqrasiyası məsələlərinin həllinə başladı.
Daha sonra pedaqogika elmləri doktoru Tamilla Əhməd qızı Vahabovaya elmlər doktorluğu diplomu təqdim olunub.
Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov ADPU-nun 2023/2024-cü tədris ilinə hazırlığı haqqında hesabatla çıxış edib. Pedaqoji Universitet məzunlarının 2023-cü il üzrə məşğulluğu barədə məlumat verən prorektor vurğulayıb ki, cari ildə ADPU-nun bakalavriaturasından 2025 nəfər məzun olub ki, onlardan 406 nəfər Azərbaycanda magistraturaya qəbul olunub, 80 nəfər xaricdə bakalavriat, magistratura, fəlsəfə doktoruğu və digər proqramlara qəbul olunub. 576 nəfər MİQ imtahanında iştirak edərək uğur qazanıb. Məzunlardan 102 nəfər dövlət, 268 nəfər qeyri-təhsil özəl sektor müəssisələrində, 398 nəfər isə özəl təhsil müəssisə və şirkətlərində əmək fəaliyyətinə başlayıb. 162 nəfər hərbi xidmətdədir. Beləliklə, ADPU-nun ötən tədris ili üzrə məzunlarının ümumi məşğulluğu 98,6 faiz, təhsil üzrə məşğulluğu isə 85,1 faiz təşkil edir.
Qeyd olunub ki, ADPU və filialları üzrə cari ildə ümumilikdə 3900 nəfərlik plan yeri 96,07, ADPU-nun magistaturası üzrə 440 nəfərlik plan yeri 100 faiz və Pedaqoji Kollec üzrə 1075 nəfərlik plan yeri 100 faiz dolub.
Hesabatda bildirilir ki, 2023/2024-cü tədris ili üçün ölkə üzrə pedaqoji ixtisaslara ayırılan plan yerlərinin 30 faizi ADPU-nun, pedaqoji kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələri filialları arasında isə ümumi qəbul planının 76 faizi ADPU-nun filiallarının payına düşür.
Dos. E.Aslanov diqqətə çatdırıb ki, cari tədris ilində ADPU-ya qəbul olunan tələbələrin 64,1 faizi dövlət sifarişi əsasında qəbul olunub, 5,5 faizi isə güzəşt kateqoriyalarına daxil olduğu üçün təhsil haqqları dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Beləliklə, bu il də ADPU-ya qəbul olunan bakalavrların 70 faizə qədəri dövlət hesabına təhsil alacaq.
Hesabatda ADPU-da həyata keçirilmiş professor-müəllimlərin işə qəbulu üzrə müsahibə haqqında da məlumat verilərək qeyd olunub ki, ümumilikdə 383 namizəd müsahibələrdə iştirak edib. Müsahibələr müəllimlərin təhsili, təcrübəsi, son 5 illik reytinq qiymətləndirmə nəticələri, xarici dil müəllimlərində müvafiq ixtisas üzrə beynəlxalq sertifikatları, tələbə sorğularının nəticələri, apellyasiya qeydləri, “Moodle” kabinetinin olması, “Microsoft Certified Educator” imtahan nəticəsi kimi meyarlar əsasında aparılıb.
Hesabatın yekununda qarşıda duran vəzifələr çərçivəsində ADPU-nun yeni baza məktəblərinin yaradılacağı qeyd olunub.
Daha sonra cari məsələlər müzakirə olunub.