Ermənistanın Azərbaycana qarşı apardığı düşmənçilik siyasətinin dərin tarixi köklərinə nəzər salsaq, XIX əsrin əvvəllərində Rusiya İmperiyası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına ermənilərin köçürülməsilə əsası qoyulduğunu görmüş oluruq. Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılması xalqımızın tarixi ərazisinin parçalanmasına, azərbaycanlıların bir millət olaraq məhvinə və müstəqil dövlətimizin mövcudluğunun qarşısının alınmasına xidmət etmişdir.
Ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir. 90-cı illərin əvvəlində SSRİ-nin dağılmasından sonra Ermənistan Silahlı Qüvvələrinin davam etdirdiyi işğalçılıq siyasəti nəticəsində Azərbaycan Dağlıq Qarabağa və ətraf rayonlara nəzarəti itirdi. Bununla da, uzun illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına mane olmuşdur.
30 il ərzində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Torpaqlarımızın işğalı azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmişdir.
2020-ci ilin 12 iyul və 27 avqust tarixlərində Ermənistan hərbi hissələrinin Azərbaycan sərhədlərində törətdiyi növbəti təxribatlar Ermənistan rəhbərliyinin yeni müharibə hazırlığından xəbər verirdi. Sonuncu təxribat sentyabrın 27-də səhər saatlarında baş verdi ki, bu da Azərbaycan Ordusunu cavab tədbirlərinə vadar etdi və noyabrın 10-a qədər davam edən döyüşlər Ermənistan Respublikasının məcburi olaraq kapitulyasiyası ilə başa çatdı. Bununla da 44 günlük müharibə ilə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoyuldu.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.
Müharibədən əvvəlki dövrdə olduğu kimi, sonrakı dövrdə də Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılmış və bunun qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırmışdır. Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilmişdir. Bütün bunları nəzərə alaraq, cari ilin sebtyabrın 19-da Azərbaycan Ordusu Qarabağda Azərbaycanın Konstitusiya quruluşunun bərpası üçün lokal antiterror tədbirlərini həyata keçirdi. Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı.
Nəhayət, bir gün çəkən və Ermənistan silahlı qüvvələrinin ağ bayraq qaldırması ilə nəticələnən antiterror tədbirlərinin Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətləri nəzərə alınaraq, dayandırılması haqqında razılıq əldə olundu. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi.
Nailə Hüseynova - ped.ü.e.d., dosent,
ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin dekanı