Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyi və Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev vurğulayıb ki, əldə etdiyimiz tarixi zəfər Azərbaycan dövləti, xalqı və ordusunun dəmir yumruq kimi birliyi hesabına qazanılıb və qələbə siyasəti bu gün də uğurla davam etdirilir. Prorektor qeyd edib ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun keçirdiyi uğurlu antiterror tədbirləri nəticəsində Qarabağ iqtisadi rayonundakı separatçılar 24 saatdan az müddətdə ağ bayraq qaldırmağa məcbur oldular və region əhalisinin cəmiyyətimizə reinteqrasiyası prosesi tam sürətlə start götürdü.
Çıxış edən Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov 44 günlük savaşda və eyni zamanda keçirilən antiterror əməliyyatında əldə etdiyimiz uğurlardan söz açıb və artıq övladlarının torpaqlarımızın işğal tarixlərini deyil, işğaldan azad edildiyi tarixləri öyrənməsinin onu bir valideyn olaraq çox qürurlandırdığını qeyd etmişdir.
“Böyük Qayıdış” Gənclər Təşkilatı İB-nin sədri Nail Şükürov da təəssüratlarını bölüşərək, keçirilən son əməliyyatlar və əldə olunan uğurlardan əlavə olaraq qeyd edib ki, vətəndaş kimi sosial şəbəkələrdə də mübarizəni daim davam etdirməli, fəallıq göstərərək ordumuza dəstək olmalıyıq.
Daha sonra Bakı Dövlət Universitetinin baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov çıxış edərək, siyasi səhnədə aparılan mübarizədən söz açdı, düşmənin sülh yolu ilə danışıqlara razı olmaması və siyası səhnədə olan bu mübarizənin sonda 44 günlük Vətən müharibəsinin başlanması şəklində özünü göstərdiyini qeyd etdi.
Çıxış edənlərdən “Böyük Qayıdış” Gənclər Təşkilatı İB-nin İdarə Heyətinin üzvü, Aprel döyüşləri qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev və Vətən müharibəsi qazisi Azay Tağızadə Vətən müharibəsində ordumuzun göstərdiyi misilsiz rəşadətdən, eyni zamanda son günlərdə baş tutan antiterror əməliyyatında əldə olunan uğurlardan danışaraq, Azərbaycanın öz suverenliyini öz gücü hesabına bərpa etdiyini qeyd ediblər.
Sonda isə Vətən müharibəsi şəhidi Əvdil Quliyevin qızı, ADPU-nun məzunu Tamara Quluzadə atasının vətənə olan bağlılığı və sevgisindən bəhs edərək, onun daim işğal altında olan vətən torpaqları uğrunda savaşmağa can atdığını qeyd edib.