Sentyabrın 28-də gənclərin maarifləndirilməsi məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib.
Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü ilə baş tutan və “#KarabakhTalks” müzakirələr platforması çərçivəsində keçirilən görüşdə Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, eləcə də ADPU-nun professor-müəllim heyəti və 400-ə yaxın tələbəsi iştirak edib.
İlk olaraq Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra qarşımızda duran əsas vəzifələrdən danışıb.
Bu sahədə gənclərin və tələbələrin üzərinə də böyük məsuliyyət düşdüyünü deyən rektor, Qarabağın bərpası ilə bağlı aparılan müzakirələrdə və keçirilən tədbirlərdə tələbələrin də fəal iştirak etmələrinin təqdirəlayiq hal olduğunu söyləyib.
Prof. Cəfər Cəfərov bildirib ki, Pedaqoji Universitret də Qarabağda təhsilin inkişafında verə biləcəyi dəstəyi göstərmək, tələbələr üçün təcrübə proqramları təşkil etmək niyyətindədir.
Qeyd olunub ki, ADPU bu ildən başlayaraq tələbələrin regionlarda pedaqoji təcrübə keçməsini nəzərdə tutan pedaqoji internaturanın tətbiqinə start verir və gələcəkdə Azərbaycanın bir çox dilbər guşələrində, o cümlədən, Qarabağ və Şərqi Zəngəzurda da tələbələrin pedaqoji internatura keçmələri planlaşdırılır.
Sonra erməni işğalçıları tərəfindən Qarabağda dağıdılan tarixi abidələrimizə həsr edilən videoçarx nümayiş etdirilib.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdimatla çıxış edərək görüş iştirakçılarına Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan QDF-in fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
Hazırda işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparıldığını deyən Rəhman Hacıyev bildirib ki, dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir.
Qarabağın bərpasında gənclərin rolundan danışan Rəhman Hacıyev tələbələrlə mütəmadi görüşlərin keçirilməsinin bu baxımdan böyük əhəmiyyət daşıdığını söyləyib.
Sonra Qarabağ Dirçəliş Fondunun həyata keçirdiyi tədbirlərə və görüşlərə həsr olunan videoçarx nümayiş olunub.
Çıxışlardan sonra görüş müzakirələr və sual-cavab sessiyası ilə davam edib. Tələbələr sual-cavab sessiyasında olduqca fəal iştirak ediblər. Rəhman Hacıyev onların ünvanladıqları çoxsaylı sualları cavablandırıb.
Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu bir neçə ali təhsil müəssisələrində gənclər və tələbələrin iştirakı ilə maarifləndirici görüşlər keçirib və analoji görüşlərin digər təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.