Hörmətli müəllimlər!
Dəyərli təhsil ictimaiyyəti!
Əziz tələbələr!
Sizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Ən böyük missiyası ixtisaslı kadrla yanaşı, həm də şəxsiyyət yetişdirmək olan müəllimlik peşəsindən cəmiyyətin hər zaman sonsuz gözləntisi olub. Bu da təsadüfi deyil. Belə ki, hamı üçün vacib olan təhsilin keyfiyyəti müəllimin peşəkarlıq səviyyəsi ilə sıx bağlıdır.
XXI əsrin tələbləri baxımından yetişən Azərbaycan vətəndaşının həyatında ali keyfiyyətlərə malik müəllim amili böyük rol oynayır. Çünki müəllim fəaliyyətinin nəticəsində cəmiyyət formalaşır. Ümummilli Lider Heydər Əliyevin “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram!” kəlamı da məhz bu kontekstdə mühüm məna kəsb edir. ADPU kollektivi ilə görüşlərinin birində Ulu Öndər “Ali məktəb müəllimi olmaq, müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda ikiqat məsuliyyətli işdir” fikri ilə müəllimliyin və xüsusilə müəllim hazırlamağın necə müstəsna və məsuliyyətli bir sahə olduğunu ən yüksək səviyyədə dolğun ifadə etmişdi.
Bu gün cəmiyyətin və dünyanın yeni inkişaf trendləri, işğaldan azad olunmuş bölgələrimizdə icra olunan bərpa-quruculuq işləri bizim qarşımızda müəllim hazırlığında yeni və dəyişilən tələblərə uyğunlaşmağı, müasir yanaşmaların tətbiqini vacib vəzifə kimi qoyur. Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün prioritet inkişaf istiqamətləri sırasında təhsili və müəllim hazırlığını daim ön yerlərdə saxlayır.
Bu baxımdan ölkəmizdə müəllim hazırlığının mərkəzi olan ADPU da öz çoxminli kollektivi ilə üzərinə düşən vəzifələrin layiqli icrası üçün durmadan çalışır. Pedaqoji Universitetdə müasir STEAM, inklüziv təhsil və kompüter laboratoriyaları yaradılmış, “bp Azərbaycan” şirkətinin dəstəyi ilə ən müasir elektron kitabxana mərkəzi qurulmuşdır. Tədris korpusları yüksəksürətli internet xidməti ilə təchiz edilir, tələbələrin və əməkdaşların rəqəmsal və xarici dil bacarıqlarının inkişafı üçün davamlı layihələr icra olunur, beynəlxalq əməkdaşlıq, mübadilə və ikili diplom proqramlarının inkişafı sahəsində geniş və ardıcıl işlər görülür.
Qeyd olunmalıdır ki, növbəti 5 illik üçün uğurla akkreditasiya olunan univeristetimizdə cari tədris ilində qəbul planı artırılmış, yeni ixtisaslar üzrə tələbə qəbulu həyata keçirilmişdir. Gənclərimizin müəllimlik peşəsinə artan böyük marağı bizi sevindirir.
Əziz həmkarlar və tələbələr!
Artıq bu gün həyatın yenidən qayıtdığı Qarabağda və Şərqi Zəngəzurda balaca fidanlarımız müasir tələblərə uyğun yeni-yeni məktəblərdə təhsil alırlar. Hazırda Azərbaycan müəllimi düşmən tapdağından azad olunmuş həmin şəhər və kəndlərdə Vətən tarixini öyrədir, mədəniyyətimizi aşılayır, gələcəyin qurucularını yetişdirir.
Qeyd etmək istəyirəm ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti olaraq biz də Qarabağa və Şərqi Zəngəzura böyük qayıdışın tam başa çatmasını və bölgədə təhsil sisteminin fəaliyyətini geniş miqyasda bərpa etməsini səbirsizliklə gözləyirik.
Ümumilikdə, ADPU bu ildən başlayaraq tələbələrin regionlarda təcrübə keçməsini nəzərdə tutan pedaqoji internaturanın tətbiqinə start verir. Ümid edirik ki, gələcəkdə Azərbaycanın bir çox dilbər guşəsində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda da tələbələrimiz pedaqoji internatura keçmək imkanı qazanacaqlar. İşğaldan azad edilmiş doğma torpaqlarımızda tələbələr üçün təcrübə proqramları təşkil etmək də gələcək planlarımız arasındadır.
İndiki tələbələrimiz isə həm Qarabağ və Şərqi Zəngəzurda, həm də vətənimizin digər regionlarında yeni dövrün müəllimləri olaraq fəaliyyət göstərəcəklər. Artıq Azərbaycan uğurlu lokal antiterror əməliyyatı ilə bütün ərazisində suverenliyini bərpa etmiş güclü dövlətdir və bu bölgələrdə əsgər silahı ilə bərpa olunan sabitliyi müəllim qələmi ilə həmkarlarımız və gələcəyin müəllimləri daimi edəcəklər. Ona görə də sizi ənənələri mənimsəyib milli-vətənpərvər ruhlu sağlam vətəndaş, yenilikləri, dünya trendlərini izləyərək ixtisasınızdan asılı olmayaraq, İT və xarici dil biliklərinizi daim artıran, yüksək ünsiyyət bacarığına malik olan əsl mütəxəssis kimi formalaşmağa çağırır, bu çətin və şərəfli işdə bütün müəllimlərimizə, tələbələrimizə və əməkdaşlarımıza uğurlar arzulayıram.
Beynəlxalq Müəllimlər Günü münasibətilə hər birinizi bir daha ürəkdən təbrik edirəm.
Bayramınız mübarək!