Oktyabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Mediasiya Şurasının nümayəndələri ilə universitet tələbələrinin görüşü keçirilib.
ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev çıxış edərək ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və Pedaqoji Universitet arasındakı əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüşdə Mediasiya Şurasını Bakı 8 saylı Mediasiya Təşkilatı təmsil edib. Bakı 8 saylı Mediasiya Təşkilatının rəhbəri Mayıl Əhməd, o cümlədən təşkilatın mediatorları Pəri Əhmədova və Ayaz Süleymanov mediasiya ilə bağlı maarifləndirici çıxışlar ediblər. Günümüzdə mediasiyanın rolu və əhəmiyyətini vurğulayan mediatorlar tələbələrlə müxtəlif kazuslar ətrafında müzakirələr edib və tələbələri maraqlandıran sualları cavablandırıblar.
Yekunda tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilib.