Previous Next

Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü müdrik siyasət bütün anti-Azərbaycan kampaniyalarını uğursuzluğa düçar edib

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib. Görüş zamanı çıxış edən Ölkə başçısı Azərbaycanın MDB-nin işində iştirak etməyə həmişə böyük önəm verdiyini və bütün istiqamətlər üzrə, o cümlədən təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmasların mövcud olduğunu diqqətə çatdırıb.

Ölkə başçısı çıxışı zamanı həmkarlar arasında qarşılıqlı fəaliyyətin hazırkı mürəkkəb beynəlxalq şəraitdə xüsusi əhəmiyyətə malik olduğunu, təhdidlərin artdığını, yeni qeyri-sabitlik ocaqları yarandığını və ölkələrimizin sabitliyi və təhlükəsizliyinin bir çox hallarda məhz bu strukturların operativ işindən asılı olduğunu diqqətə çatdıraraq qeyd etmişdir: “Ölkələrimizin yerləşdiyi regionlarda, əlbəttə, xarici təhdidlər də mövcuddur və bu istiqamətdə operativ iş riskləri minimuma endirməyə imkan verir. Bizim ölkələrin yerləşdiyi məkanda ictimai-siyasi sabitliyin möhkəmləndiyini görmək sevindiricidir və dövlətlərimiz bir çox çağırışların öhdəsindən uğurla gəlir. Azərbaycana gəldikdə, artıq bizim daxili təhdidlərimiz yoxdur. Üç həftə əvvəl həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Əlbəttə, bu, regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır”.

Ölkə başçısının qeyd etdiyi kimi, cari ilin sentyabrın 19-da iyirmi dörd saatdan az müddətdə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə suverenliyimiz tam bərqərar edildi. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin silah-sursat və ağır texnikanı təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsinin təntənəsi idi.

Təəssüflər olsun ki, əldə olunan bu qələbədən sonra dünyanın müxtəlif güc mərkəzlərindən Azərbaycana qarşı mütəşəkkil təzyiq, qarayaxma kampaniyaları aparılmış və hazırda da aparılmaqdadır. Buna misal olaraq, Prezident İlham Əliyev iştirakçıları qəbul edərkən Fransanın tutduğu qərəzli mövqe haqda danışıb. Dövlət başçısı Azərbaycan 30 il ərzində işğala məruz qalsa da, Qərbdəki erməni havadarlarının Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə  dövlətimizi ittiham etidiyini vurğulayaraq demişdir: “Burada əsas skripkanı çalan Fransadır və bu, həm sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir. Azərbaycan işğalçı kimi təqdim edilir, Ermənistan isə qurban kimi qələmə verilir... Biz indi Azərbaycana qarşı aparılan misli görünməmiş informasiya müharibəsi ilə üz-üzə qalmışıq. Biz, əlbəttə, öz gücümüzlə buna müqavimət göstəririk, baş verənlərlə bağlı həqiqətləri çatdırmağa çalışırıq və çatdırırıq. Ancaq başa düşmək lazımdır ki, güclər qeyri-bərabərdir. Çoxillik müstəmləkəçilik tarixinə malik Fransa kimi ölkələrin dünya üzrə media resursları bizdəkindən qat-qat çoxdur”.

Əlbəttə ki, hazırda Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasının və gənc müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsinin dünyadakı anti-Azərbaycan qüvvələri ciddi şəkildə narahat etdiyi danılmaz və təkzibedilməz faktıdır. Bütün bunlara baxmayaraq, Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü müdrik siyasət bütün bu düşmən hərəkətlərini və anti-Azərbaycan kampaniyalarını uğursuzluğa düçar edib. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib. Öz növbəsində  Azərbaycan xalqı da Prezident İlham Əliyevə böyük etimad göstərir, rəğbət bəsləyir, onun siyasətini tam dəstəkləyir və dəstəkləyəcəkdir.

 

Cavid HÜSEYNOV

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, 

mətbuat katibi

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search