Qətiyyətlə söyləyə bilərik ki, bu gün tarixi anların şahidləriyik. Söhbət Azərbaycan Bayrağının Xocavənddə, Xocalıda, Əsgəranda, Ağdərədə və nəhayət, Xankəndidə dalğalanmasından gedir. Son iki yüz ildə heç vaxt bu qədim diyarımızın bizə məxsusluğunun xoşbəxtliyini bugünkü qədər yaşamamışıq.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev oktyabrın 15-də işğaldan azad edilmiş Xankəndi şəhərində Azərbaycan Bayrağını qaldırarkən xatırlatdı ki, mən ilk dəfə prezident seçilərkən xalqa söz vermişdim ki, Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək, ölkəmizin ərazi bütövlüyünü qoruyacağam: “Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
Cənab Prezident ona görə dediklərini reallığa çevirə bilir ki, xalq ona inanır, etimad göstərir və hər addımda dəstəkləyir. Ona görə də dövlət başçımız Xankəndidə xatırlatdı ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır: “Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq”.
Bəli, Xankəndi, Ağdərə, Əsgəran, qan yaddaşımız Xocalı, Xocavənd, ümumən, Qarabağ son yüz ildə heç vaxt indiki qədər Azərbaycan olmamışdı. Qarabağın Azərbaycan olmasına imkan verilmədiyini də xatırlamaqla, hadisələrin xoşagəlməz şəkil almasına maneçilik törətmək üçün böyük səylərin göstərildiyini də mütləq qaydada yada salmalıyıq. Ona görə də Cənab Prezident böyük qədirbilənliklə xatırlatdı ki: “Bu gün Ulu Öndərin, bizim bu günümüzü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olublar”.
Prezident İlham Əliyevin vaxtilə bölgənin erməni əhalisinə qarşı heç bir ayrı-seçkiliyin olmadığını bildirməsi, bunun təsdiqi üçün gətirdiyi misallar kifayət qədər dolğundur: “Bu sözlərimi təsdiq etmək üçün bir misal gətirə bilərəm, o vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin doqquz nəfərdən ibarət büro üzvü var idi. Onlardan səkkizi erməni, biri azərbaycanlı idi, o da Şuşa Şəhər Partiya Komitəsinin birinci katibi. Yaxşı, əgər ayrı-seçkilik var idisə, onda bax, gətirdiyim misal nəyi göstərir? Birinci katib erməni, İcraiyyə Komitəsinin sədri erməni, bütün digər vəzifəli şəxslər, burada heç bir ayrı-seçkilik yox idi”.
Ulu Öndərin 1987-ci ildə SSRİ-də tutduğu mühüm dövlət postundan uzaqlaşdırılmasından sonra baş verənlər də hər kəsin yaxşı xatirindədir. Heydər Əliyevin gedişindən heç iki həftə keçməmiş Qarabağda erməni avantürizmi baş qaldırdı: "Bax, o illərdə o binada oturanlar, bütün erməni və Azərbaycan xalqlarının faciələrinin səbəbkarlarıdır. Cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı. Torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar, həm sovet dövründə, həm müstəqillik dövründə”. Bəli, Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışı başımıza gələcək bəlaların qarşısını aldı. Ölkəmiz müstəqilliyini itirməkdən xilas oldu.
Nəhayət, 2003-cü il oktyabrın 15-də Heydər Əliyevin Qarabağ ideyalarının gerçəkləşməsinə yeni start verildi. Prezident İlham Əliyevin iyirmi illik gərgin əməyinin nəticəsi olaraq bu gün ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olunub. Xalqın İlham Əliyev şəxsiyyətinə inamının nəticəsi idi ki, cəmi 44 gün ərzində düşməni diz çökdürdük, onu ağ bayraq qaldırmağa məcbur etdik.
Bəli, istər 44 günlük müharibə, istərsə də 23 saat 43 dəqiqə davam etmiş lokal xarakterli antiterror tədbirləri göstərdi ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına nəinki imkan verməyəcək, əksinə, bu xülyaya düşənlərə qarşı barışmaz olacaq. Bəli, bu gün Xocalı qatilləri, Qarabağdakı separatçı rejimdə təmsil olunanlar Bakıda mühakimə olunurlar. Haqq və ədalət öz yerini tapır.
Prezident İlham Əliyevin Xankəndi şəhərindəki çıxışına ən müxtəlif prizmalardan yanaşmaq, çoxsaylı örnək nəticələr çıxarmaq mümkündür. Dövlətimizin başçısının bu qədim şəhərimizdəki çıxışı əsl qürur və fəxarət manifesti idi.
Könül Pirverdiyeva - ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru