Oktyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin eyniadlı ixtisasının TCM2301 və TCM2302 qruplarının tələbələri “Heydər Əliyev dərsi”ndə iştirak ediblər.
Universitetin Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə tələbələr, əvvəlcə, “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” mövzusunda mühazirəni dinləyiblər. Mühazirədə qeyd edilib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq bir dövr ölkənin dirçəliş və sürətli inkişaf mərhələsini təşkil edir. Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti seçilməsindən sonra Respublikanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş yarandı, beynəlxalq əlaqələri genişləndi. Ümummilli Lider öz uzaqgörən siyasəti ilə dövlətçilik, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərləri ehtiva edən azərbaycançılıq ideologiyasının əsasını qoydu.
Dərsin gedişində mərkəzin mütəxəssisi Tərlan Ağayev tələbələri Ulu Öndərlə bağlı nümayiş etdirilən 400-dək foto, arxiv sənədinin surətləri, kitab, jurnal, məcmuə və digər eksponatlarla tanış edib, onlara Heydər Əliyevin həyat və fəaliyyətinin əsas məqamları barədə məlumat verib.
Görkəmli şəxsiyyətlərin, dövlət başçılarının Heydər Əliyevlə bağlı söylədikləri fikirlərlə tanış olan birinci tədris ili tələbələri daha sonra Ümummilli Liderə həsr olunmuş sənədli filmə tamaşa ediblər.
İştirakçıların fəallığı ilə keçən son hissədə Heydər Əliyevin həyat və fəaliyyətinə dair qarşılıqlı sual-cavab və müzakirələr aparılıb.