Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “100MİN” proqramı çərçivəsində 17 Noyabr – Milli Dirçəliş Günü münasibəti ilə “Azərbaycan bayrağı 105 yaşında” mövzusunda seminar keçirilib.
Seminarda tanınmış gənc tədqiqatçı və kolleksioner, Dövlət Proqramı çərçivəsində İstanbul Universitetinin doktorantı Dilqəm Əhməd tələbələrə 105 illik tarixi yol keçən üçrəngli bayrağımız haqqında danışaraq, 90-cı illərdə analarımızın tikdiyi bayraqların sovet rejiminə qarşı meydanlarda dalğalandırılaraq müstəqilliyimizi qazandığımızı, nəhayət 30 il sonra isə bu müqəddəs bayrağın Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Xankəndində ucaldılaraq, bütün dünyaya ərazi bütövlüyümüz və suverenliyimizi tam bərpa etdiyimizi nümayiş etdirdi.
Mövzu ətrafında çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev Azərbaycan tarixinin öyrənilməsi və tədqiqində Dilqəm Əhməd kimi gənc araşdırmaçıların fəaliyyətlərinin önəmini vurğulayaraq, bu kimi seminarların tələbə-gənclərin inkişafında oynadığı müsbət rolu qeyd elədi.
ADPU TGT-nin sədri Təhmasib İmaməliyev qeyd etdi ki, təşkilat tərəfindən müxtəlif mövzularda, o cümlədən milli-vətənpərlik və dövlətçilik ruhunun inkişafı istiqamətində silsilə tədbirlər keçirilir. O, spikerə Azərbaycan tarixinin populyar dildə təbliği və tədqiqi istiqamətindəki işlərinə görə təşəkkürünü bildirdi.
Daha sonra tədbir tələbələrin sualları əsasında interativ formada davam etdirildi.
Yekunda Dilqəm Əhmədin müəllifi olduğu Azərbaycan bayrağının 105 illiyinə həsr olunmuş “Cümhuriyyət bayrağı” kitabı müəllif tərəfindən Pedaqoji Universitetin kitabxanasına və fəal tələbələrə hədiyyə olundu.