Noyabrın 26-da Almaniya Türk Məlumat Platformasının təşkilatçılığı ilə “Zoom” platforması üzərindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) şəhidlərinin xatirəsinə həsr olunmuş “Vətən eşqi – Universitetdən şəhadətə” mövzusunda Beynəlxalq konfrans keçirilib.
Konfransda ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova, professor Xəqani Məmmədov, dosent Elmira Süleymanova çıxış edərək Pedaqoji Universitetin tarixindən, burada təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılmasından, 44 günlük Vətən müharibəsindəki ağır döyüşlərdə Ermənistan ordusunu darmadağın edərək şanlı Zəfər salnaməsi yazan Silahlı Qüvvələrimizin sıralarında vuruşan ADPU-nun tələbə və məzunlarından bəhs ediblər.
Sonra Universitetin “Tarix müəllimliyi” ixtisasının tələbələri Vəsilə Əliyeva və Pərvanə Mamedovanın təqdimatında ADPU-nun Vətən müharibəsi və ondan sonrakı əməliyyatlarda şəhid olmuş 15 nəfər tələbə və məzunu haqqında təqdimat edilib.
Daha sonra çıxış edənlərdən Almaniya Türk Mədəniyyət Platformasının rəhbəri Cəmaləddin Özdəmir və şəhid valideynləri öz təəssüratlarını bölüşüb, müxtəlif regionlardan olan şəhidlərimizin həyat yolu haqqında söz açıblar.