Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Karyeramızı necə qurmalı?” mövzusunda maarifləndirici tədbirlərə start verilib. Filialın Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirlər buraxılış kurslarının tələbələri üçün nəzərdə tutulub.
Dekabrın 6-da filialın Pedaqoji fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi” və “İbtidai sinif müəllimliyi” ixtisasının tələbələri ilə keçirilən ilk tədbirlərdə Karyera Mərkəzinin müdiri Xuraman Həmidova, Mərkəzin əməkdaşları və tütorlar iştirak ediblər. Xuraman Həmidova, əvvəlcə, Mərkəzin fəaliyyəti haqqında danışıb, sonra isə tələbələrə gələcək təhsil və iş fəaliyyətində diqqət yetirilməli əsas məqamlar haqqında lazımi tövsiyələr verib və uğurlu karyera qurmaq üçün diqqət yetirilməli məsələləri açıqlayıb.
Tədbirdə mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.
Növbəti günlərdə filialın Pedaqoji fakültəsinin digər ixtisaslarının və Filologiya fakültəsinin buraxılış kurslarının tələbələri ilə də bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, filialda 8 ixtisas üzrə 200-dən çox tələbə cari tədris ilində təhsilini başa vuracaq.