Dekabrın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib.
İclasa sədrlik edən Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov açılış nitqində ötən müddət ərzində ölkədə və ADPU-da baş verən yeniliklərdən söz açaraq bu dövrdə universitetin yerli və beynəlxalq əlaqələrinin genişləndiyini, eyni zamanda ali təhsil ocağında Zəfər tariximiz, Qərbi Azərbaycana qayıdış və şəhidlərin xatirəsinin anılması ilə bağlı silsilə tədbirlər təşkil olunub.
Məruzə edən ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov qarşıda duran vəzifələr və tətbiq olunacaq yeniliklər haqqında danışaraq növbəti semestrdən etibarən Pedaqoji Universitetdə pedaqoji internaturanın tətbiq olunmağa başlanacağını diqqətə çatdırıb.
Prorektor xüsusi vurğulayıb ki, hazırda qarşıdakı mühüm işlərdən biri də Ölkə Prezidenti cənab İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə təsis olunan Qarabağ Universitetinin fəaliyyətinə dəstəklə bağlı təkliflər paketinin hazırlanaraq Elm və Təhsil Nazirliyinə təqdim olunmasıdır. Dos. E.Aslanov, eyni zamanda, Qarabağ Universitetinin fəaliyyətinə dəstəklə bağlı ADPU-da işçi qrupun yaradılacağını diqqətə çatdırıb. Qeyd olunub ki, 1969-cu ildə Xankəndidə ADPU-nun filialı kimi fəaliyyətə başlayan Xankəndi Dövlət Pedaqoji İnstitutunun bazasında yaradılan Qarabağ Universiteti həm də mənəvi varislik baxımından Pedaqoji Universitet kollektivi üçün xüsusi önəmə malikdir.
Çıxış edən ADPU-CVU ikili diplom proqramının ADPU üzrə proqram direktoru Tofiq Əhmədov isə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilən ikili diplom proqramlarının proqram akkreditasiyası ilə bağlı özünütəhlil hesabatı haqqında məlumat verib. Hesabatın təsdiq olunaraq Agentliyə təqdim olunması haqqında qərar qəbul olunub. Bildirilib ki, ikili diplom proqramlarının akkreditasiyasından sonra növbəti ilin əvvəlindən digər ixtisaslar üzrə də vahid proqram akkreditasiyası prosesinə start veriləcək.
Daha sonra Şura iclası cari məsələlərin müzakirəsi ilə davam etdirilib. Tədris işləri üzrə prorektor, dos. Eldar Aslanov f.ü.f.d. Könül Həsənovanın Filologiya fakültəsinin dekanı vəzifəsinə seçilməsinin təsdiq olunması və 2024-cü ildə keçiriləcək proqram akkreditasiyası ilə bağlı "İbtidai sinif müəllimliyi" ixtisası üzrə İbtidai təhsil fakültəsində müvafiq komissiyanın yaradılması, elm və innovasiyalar üzrə prorektor, prof. Asəf Zamanov professor və dosent elmi adlarının verilməsi ilə bağlı Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması, rektorun müşaviri Ümid Mehdiyev bir müddət öncə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yniversitətdə həyata keçirilən maliyyə nəzarəti tədbirlərinin yekunları və şəhid ailəsi üzvü olan bir qrup tələbənin təhsil haqqından azad edilmələri haqqında məruzə ediblər.
Yekunda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.