Dekabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş konfrans keçirilib. Tədbirdə Universitet rəhbərliyi, fakültə dekanları, şöbə, mərkəz və kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Tərlan Ağayevin moderatorluğu ilə keçirilən konfrans Ulu Öndərin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsininin yad edilməsi ilə öz işinə başlayıb. Daha sonra İncəsənət və fiziki tərbiyə fakültəsinin xorunun ifasında “Ulu Öndər” mahnısı səslənib.
Giriş nitqi ilə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, başa çatmaqda olan 2023-cü ilin ən mühüm hadisələrindən biri Ümummilli Lider Heydər Əliyevin 100 illiyinin qeyd edilməsi oldu. İl ərzində Pedaqoji Universitetdə əlamətdar yubileyə həsr olunmuş müxtəlif məzmunlu tədbirlər - konfranslar, dəyirmi masalar, seminarlar, sərgilər və s. keçirildi, ayrı-ayrı fakültələrin 1000-dək tələbəsini əhatə edən “Heydər Əliyev dərsləri” təşkil olundu. C.Cəfərov xüsusi vurğulayıb ki, XX əsrin sonu - XXI yüzilliyin əvvəllərində Azərbaycana Heydər Əliyev kimi təcrübəli bir dövlət başçısının rəhbərlik etməsi xalqımızı böyük bəlalardan qurtardı. Məhz Heydər Əliyevin müdrikliyi, müstəsna iradə və qətiyyəti sayəsində alovlanmaqda olan vətəndaş müharibəsinin və etnik separatizm təzahürlərinin qarşısı alındı, hakimiyyəti zorakı yollarla devirmək praktikasına birdəfəlik son qoyuldu, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edildi. Aparılan köklü islahatlar bazar iqtisadiyyatına tədrici keçidi, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin görülməsini təmin etdi.
Ümummilli Liderə həsr olunmuş sənədli filmin nümayişindən sonra çıxış edən Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının baş müəllimi, t.ü.f.d. Sevil Bəhramova “Heydər Əliyev və Azərbaycanda dinlərarası dialoq” mövzusunda məruzə edib. ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Türkoloji Mərkəzin Türk tarixi bölməsinin müdiri, dosent Dəyanət Musayev “Türk dünyasının birliyinin möhkəmlənməsində Heydər Əliyevin rolu” mövzusunda məruzə edərək türk dövlət və toplumları arasında həmrəyliyin inkişafına Ulu Öndərin verdiyi əvəzsiz töhfələrdən danışıb.
Müxtəlif dövlətlərin rəhbərlərinin, ictimai-siyasi xadimlərin H.Əliyev haqqında söylədikləri fikirlərdən ibarət slaydların nümayişindən sonra Pedaqoji Universitetin tələbələri adından söz alan ADPU TGT-nin Tarix və coğrafiya fakültəsi təşkilatının rəhbəri Cavad İsmayılzadə “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzusunda çıxış edib.
Sonda “Meh” ədəbi dərnəyinin üzvlərinin ifasında Səməd Vurğunun “Azərbaycan” şeirindən parça səsləndirilib, ardınca iştirakçılar ekranda Ulu Öndərin öz dilindən həmin şeirin bir bəndini dinləyiblər.