Previous Next

Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sistemli, kompleks xarakterli islahatlar ölkəmizin dinamik inkişafını təmin edib

Hər bir ölkənin varlığı, rifahı, onun vətəndaşlarının normal və rahat yaşayışı həmin ölkənin iqtisadi inkişaf səviyyəsindən, bu inkişafa və tərəqqiyə zəmin yaradan siyasi idarəetmə sisteminin mükəmməlliyindən, dünyada baş verən qlobal proseslərin fonunda öz xalqının mənafelərinə uyğun siyasət yeritməsindən çox asılıdır. Bu baxımdan, ölkəmizdə bir çox sahələri əhatə edən geniş islahatlar həyata keçirilir. Xüsusilə, 2018-ci ildən etibarən islahatlar daha çevik xarakter alıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sistemli, kompleks xarakterli islahatlar ölkəmizin dinamik inkişafını təmin edib.

Həyata keçirilən siyasi və struktur islahatlarından bəhs edərkən 2020-ci ilin fevral ayında keçirilən parlament seçkilərinin və seçkilərdən sonra Milli Məclisin Aparatında və İşlər İdarəsində aparılan struktur və kadr islahatlarının önəmi də xüsusi vurğulanmalıdır.

Dövlətimizin başçısı VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı islahatlar siyasətinin yeni tələblər baxımından davamını başlıca şərt kimi qarşıya qoyaraq siyasi sistemin təkmilləşdirilməsi işində deputatların mühüm rolunu qeyd edərək bildirmişdir: “İslahatları davamlı şəkildə aparılması onların effektivliyini təmin edən önəmli amillərdən biridir. Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində”.

Ümumiyyətlə, ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar kursuna uyğun olaraq Milli Məclisin fəaliyyətinin səmərəliliyinin daha da artırılması, müasir tələblər çərçivəsində həyata keçirilməsi üçün müxtəlif addımlar atılıb, ölkənin yeni siyasi konfiqurasiyasına uyğun olaraq parlamentin və onun komitələrinin rəhbərliklərinə müxalifət partiyalarının təmsilçiləri seçiliblər. Həmçinin parlamentin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edən qanunvericilik fəaliyyəti daha da təkmilləşdirilib, qanun layihələrinin hazırlanması zamanı daha çox keyfiyyətə diqqət yetirilib. Qanun yaradıcılığı işində deputatlar daha da fəal iştirak edirlər. Belə ki, Milli Məclisin iclaslarında qanun layihələrinin təqdim edilməsinə komitə sədrləri ilə yanaşı, komitələrin sıravi üzvləri, o cümlədən müxalif partiyalardan olan deputatlar da yaxından cəlb olunublar.

Ölkənin inkişaf istiqamətlərini və tutduğu yolu, dövlətin yeritdiyi siyasəti müəyyənləşdirən Dövlət başçısı cənab İlham Əliyev çıxışı zamanı bildirmişdir: “İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır”.

Bu gün Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin getdikcə möhkəmlənməsi, nüfuzunun durmadan artması ilk növbədə Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi düşünülmüş balanslı xarici siyasətin nəticəsidir. Məhz bu siyasətin nəticəsində xalqımız üçün ən böyük əhəmiyyəti Azərbaycanın Vətən Müharibəsində tarixi qələbə əldə etmiş və bu şanlı zəfər nəticəsində özünün ərazi bütövlüyünü təmin etmişdir. Eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində ölkəmizin rolu və önəmi getdikcə artmışdır. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycanı artıq təkcə regionun deyil, bütün Avrasiya məkanının aparıcı dövlətlərindən birinə çevirib.

Beləliklə, Azərbaycan Respublikası VI çağırış Milli Məclisi ölkəmizdə demokratiya, dayanıqlı inkişaf və hüquqi dövlət təcrübəsinin yeni nümunəsi kimi xarakterizə edilə bilər.

Rəşad  Sadıqov
siyasi elmlər üzrə fəlsəfə doktoru,
ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search