Regionlara baş tutan təhsil səfəri çərçivəsində Cəlilabadda şagird və tələbələrlə görüş keçirilib.
Tədbirin keçirilməsində məqsəd peşə təhsilinə marağın artırılması, tam orta təhsil pilləsində tədrisin keyfiyyətinin yüksəldilməsi, bununla yanaşı, regionlarda pedaqoji ixtisaslara olan tələblər, şagirdlərin peşə seçimi istiqamətində ümumi müzakirələrin aparılmasıdır.
Açılış nitqi ilə çıxış edən Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və ADPU-nun Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlı qonaqları salamlayıb, regionda şagirdlər üçün təhsil imkanları və son illərdə aparılan islahatlar, eləcə də bu bölgədə Pedaqoji Universitetin filialının fəaliyyətinin rolu haqqında danışıblar.
Çıxış edənlərdən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Mehriban Vəliyeva təhsildə maarifçilik missiyası, MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarının nəticələri haqqında məlumat verib, çıxışlar ətrafında zəruri müzakirələr aparılıb.
Tədbirdə təqdimat edən ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva şagirdlərin gələcək üçün praktik bacarıqlara yiyələnmələri, müəllimlik ixtisasının prestiji və müəllimlikdə peşə inkişafı, vəzifə yüksəlişindən söhbət açıb, həmçinin tələbələrin MİQ imtahanlarında göstərdikləri nəticələrin yüksəldilməsi və peşəkar müəllim hazırlığında diqqət edilməli məqamlara toxunub.
Ümumən, çıxışlarda ucqar regionlarda, o cümlədən cənub bölgəsinin rayonlarında müəllim kadrlarına olan təlabat və bəzi yerlərdəki müəllim çatışmazlığı diqqətə çatdırılaraq, tədbirdə iştirak edən pedaqoji ixtisaslarda təhsil alan tələbələrə region məktəblərindəki iş imkanlarını dəyərləndirmələri və bununla bağlı stimullaşdırıcı tədbirlər haqqında çağırışlar edilib.
Qeyd edək ki, tədbirdə 400-dən çox məktəbli, 200-dən çox tələbə iştirak edib.