Previous Next

ADPU-da Çanaqqala Zəfərinin ildönümü münasibətilə bədii tədbir keçirilib

Martın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Bakı İstanbul Liseyinin dəstəyi, ADPU Gənc Məzunlar Assosiasiyası (ADPU GMA) və ADPU Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə Çanaqqala Zəfərinin 109-cu ildönümünə həsr olunmuş “Geri Dönməyi Düşünmədilər” adlı bədii tədbir keçirilib.
Əvvəlcə, vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib. 
Açılış sözü ilə çıxış edən Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, 18 mart 1915-ci il nəinki Türkiyənin, ümumilikdə türk və islam dünyasının tarixinə qanla yazılmış şərəfli bir tarix, dünya tarixinin gedişini dəyişdirən misilsiz qəhrəmanlıq nümunəsidir.
Vurğulanıb ki, Çanaqqalada bütün türk xalqlarının nümayəndələri, eləcə də, azərbaycanlılar da əzmlə savaşıb və bu döyüşlərdə 3000 nəfər soydaşımız da qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Ötən il Prezident İlham Əliyevin təşəbbüsü ilə Çanaqqala Şəhidliyi Kompleksi ərazisində Azərbaycan şəhidlərinin xatirə abidəsinin açılış olub. Bu bir daha Türkiyə və Azərbaycan dövlətləri və xalqlarının nə qədər sıx tellərlə bir-birinə bağlı olduğunu göstərir. 
Çıxış edən Bakı İstanbul Liseyinin Türk bölməsinin rəhbəri Səid Örbeyi 18 mart gününün mahiyyəti haqqında danışaraq Çanaqqalanın vətən və millət sevgisinin zirvəsi, dünyanı heyrətə gətirən mübarizə rəmzi olduğunu diqqətə çatdırıb və İstiqlal Marşından bir hissəni səsləndirib.
Çanaqqala Zəfəri ilə bağlı videoçarxın təqdimatından sonra Bakı İstanbul Liseyinin şagirdlərinin hazırladığı xor nümayiş olunub. Savaşın detallarını və özündə türklərin qələbələrini əks etdirən, işğalçı qüvvələrdən olan əsgərə aid məktub Bakı İstanbul Liseyinin müəllimi Hakan Köse tərəfindən səsləndirilib.
Tədbirin gedişində Bakı İstanbul Liseyinin şagirdləri və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Mustafa Kamal Atatürkün “Güc, cəsarət, igidlik, və zərafət timsalı” olaraq qiymətləndirdiyi milli türk folklor nümunəsi olan zeybək rəqsininin müxtəlif növlərini nümayiş etdiriblər.
Bakı İstanbul Liseyinin şagirdlərinin hazırladığı “Son qala Çanaqqala’’ adlı oratoriyanın nümayiş olunması ilə tədbir başa çatıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search