Hörmətli həmkarlar, əziz tələbələr!
Sizi baharın müjdəçisi, təbiətin oyanışının və həyatın yenilənməsinin rəmzi, xalqımızın ən əziz bayramlarından olan Novruzun gəlişi münasibətilə ürəkdən təbrik edir, hər birinizə coşqun bahar enerjisi, möhkəm cansağlığı, bütün nəcib fəaliyyətinizdə və şəxsi həyatınızda yeni-yeni uğurlar arzu edirəm.
Novruz bayramı Azərbaycan xalqının çoxəsrlik zəngin mədəni irsinin nadir incilərindən biri kimi daşıdığı ümumbəşəri humanist dəyərlər, tolerantlıq və sülh çağırışları ilə bütün dövrlərdə öz aktuallığını qoruyan, dünya mədəniyyət xəzinəsində layiqli yer tutan bir fenomendir. Zaman-zaman müəyyən qadağalara məruz qalsa da, xalqın yaddaşında daim yaşayan Novruz və onunla bağlı adət-ənənələr Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra yenidən ali səviyyədə - dövlət bayramı statusunda geniş və təntənəli şəkildə qeyd olunmağa başlandı.
Azərbaycan mədəniyyətinin böyük hamisi, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu dövlət siyasəti xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli özünüdərkin inkişafına yeni təkan verdi. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin bu sahədə məqsədyönlü və məhsuldar fəaliyyəti milli ruhun yeni oyanışına, mənəvi aləmimizin zənginləşməsinə, mədəniyyətimizin beynəlxalq aləmdə daha yaxından tanıdılmasına yol açdı. Təsadüfi deyil ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ardıcıl səyləri bu milli bayramın UNESCO-nun ümumdünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinə mühüm töhfə vermişdir. Eyni zamanda ölkəmizin dost ölkələrlə həmrəy addımları 21 martın BMT tərəfindən “Beynəlxalq Novruz Günü” elan olumasında öz vacib rolunu oynamışdır.
Qeyd etmək yerinə düşər ki, Novruzu Vətən müharibəsindəki tarixi zəfərdən sonra böyük fərəhlə qeyd edən xalqmız builki bayramı daha çox coşqu ilə qarşılayır. Belə ki, ötən ilin sentyabr ayındakı lokal antiterror tədbirləri ilə uzun illər intizarla gözlənilən dövlət suverenliyimiz tam bərqərar olundu, Xankəndidə, Xocalıda və Qarabağın bir neçə başqa şəhərində Azərbaycan bayrağı ucaldıldı.
Bu əziz günlərdə Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərimizin müqəddəs ruhlarını ehtiramla yad edir, qazilərimizə şəfa diləyirik.
Qarşıda müstəqil dövlətimizi daha da gücləndirmək, işğaldan azad edilmiş torpaqlarımızı yenidən qurmaq və abadlaşdırmaq, “Böyük qayıdış”ı uğurla həyata keçirmək, gənclərimizin milli ruhda tərbiyə olunmasını davam etdirmək, yüksəkixtisaslı mütəxəssislər yetişdirmək kimi ali və nəcib vəzifələr durur. Bu sahədə biz müəllimlərin, bütün kollektivimizin üzərinə böyük məsuliyyət düşür. Buna görə də bu Novruz günlərində hər birinizə yeni enerji ilə əzmkar fəaliyyət və müvəffəqiyyətlər arzulayıram.
Qoy Novruz bayramı hamınıza sonsuz sevinc və xoş əhval, bol ruzi-bərəkət, firavan həyat bəxş etsin!
Bayramınız mübarək!