Martın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının Elm Gününə həsr olunmuş xüsusi iclası keçirilib.
Əvvəlcə, Universitetin foyesində ADPU əməkdaşlarının elmi araşdırmalarının nəticələrinin əks olunduğu kitab sərgisinə baxış keçirilib.
İclası giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov Elm Gününün qeyd olunmasının əhəmiyyətini qeyd edib, əməkdaşları təbrik edib.
Rektor, ADPU-nun professoru, fil.e.d. Leyla Vəzirovaya Ankarada yerləşən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi haqqında diplom və qurumun “Beynəlxalq Qızıl Ulduz” medalını, əməkdaşlardan p.ü.f.d. Dəyanət Musayevə dosent attestatını, Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlıya isə 60 illik yubileyi münasibətilə ADPU rəhbərliyi və ADPU Həmkarlar İttifaqı Komitəsinin fəxri fərmanlarını təqdim edib.
Daha sonra elm və innovasiyalar üzrə prorektor, prof. Asəf Zamanov 27 Mart – Elm Günü münasibəti ilə “ADPU-nun 2023-cü il ərzində elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabat”ı təqdim edib. Hesabatda Pedaqoji Universitetdə ötən bir il ərzində elmi-təşkilati sahədə icra olunan genişmiqyaslı fəaliyyət, əldə olunan uğurlar, əməkdşaların elmi-tədqiqat nəticələrinin praktik tətbiqi və beynəlxalq elmmetrik bazalarda əks olunması məsələlərinə toxunulub.
Prof. Asəf Zamanov, xüsusilə vurğulayıb ki, Elm Gününə həsr olunmuş Elmi Şuranın iclasında müzakirə olunacaq bütün məsələlər də Pedaqoji Universitetdə elmi və elmi-təşkilati fəaliyyətə aiddir.
Belə ki, Şurada, müvafiq olaraq, magistr dissertasiya işlərinin mövzuları və elmi rəhbərlərin təsdiqi, Ümummilli Lider Heydər Əliyevin 101 illik yubileyi və 27 Mart – Elm Günü münasibətilə ADPU-da “İlin gənc alimi və tədqiqatçısı müsabiqəsi”nin elan olunması, Ümummilli Lider Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş ADPU tələbələrinin fizika, riyaziyyat, informatika, kimya, biologiya, Azərbaycan dili, Azərbaycan coğrafiyası, Azərbaycan tarixi, ingilis dili olimpiadaları və təsviri incəsənət müsabiqələrinin keçirilməsi, “Yaşıl təhsil” Respublika elmi-praktik konfransının təşkili, monoqrafiyaların nəşrinə icazə verilməsi və dosent elmi adının verilməsi üçün Ali Attestasiya Komissiyası qarşısında vəsadət qaldırılması haqqında qərarlar qəbul olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə 27 Mart - Azərbaycanda Elm Günü elan olunub. Bu tarix Azərbaycanda Elmlər Akademiyasının təsis olunduğu günlə bağlıdır.