Quba Rayon İcra Hakimiyyəti və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Sazlı, sözlü kəlağayı günləri” adlı tədbir keçirilib.
Tədbiri “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şəxsi Kəlağayı Muzeyinin direktoru və “Sazlı Sözlü Kəlağayı günləri” layihəsinin rəhbəri, şair-publisist Güllü Eldar Tomarlı açıq elan edərək bildirib ki, tədbirin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərin gənc nəsil arasında təbliği, adət-ənənələrin yaşadılmasıdır. Birlik sədri vurğulayıb ki, milli dəyərlərin bir atributu kimi Azərbaycan kəlağayısı ölkədə və xaricdə geniş təbliğ olunur.
Tədbirdə Quba RİH-nin İctimai və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əhməd Nurullayev tədbirin əhəmiyyəti haqqında danışıb.
Daha sonra çıxış edən Filialın direktor müavini, p.ü.f.d. Aysel Şeydayeva filialda milli-mənəvi dəyərlərimizin təbliği və qorunması istiqamətində görülən işlərdən söz açıb.
Daha sonra çıxış edənlərdən şəhid anası Tünzalə Abduləlimova, “Sabahinfo.az” saytının redaktor müavini Elnarə Həziyeva, Quba Rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Mariya Məmmədova, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Xalidə İlyasqızı, qubalı şairə Könül Tatlı, filialın Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinova, Riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı v.m.i.e. Nübar Bayramova da Azərbaycan kəlağayısının gözəlliyi, mənəvi dəyəri, tədbirin əhəmiyyəti barədə təəssüratlarını bölüşüb, gənclər arasında milli dəyərlərimizin təbliğinin əhəmiyyətini xüsusi vurğulayıblar.
Tədbir ədəbi-bədii hissə ilə davam edib, mövzuya uyğun musiqi nömrələri və şeirlər səsləndirilib. “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədr müavini, aşıq Gözəl Kəlbəcərlinin ifasında mahnıların səsləndirilməsi tədbirə xüsusi rəng qatıb. Həmçinin filialın Azərbaycan dili və ədəbiyyat müəllimliyi və ibtidai sinif müəllimliyi ixtisasının tələbələrinin ifasında şeirlər səsləndirilib.
Sonda birlik sədri Güllü Eldar Tomarlı tədbir iştirakçılarına və filialın Kitabxana və elektron resurslar şöbəsinə 2024-cü ildə Azərbaycan kəlağayısının UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin on illiyi münasibətilə nəşr edilən “Anam – kəlağayıdı, kəlağayı – anam” kitabını hədiyyə edib.