Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Pedaqoji Forumunun XIV dinləməsi keçirilib.
ADPU-nun böyük zalında keçirilən dinləmədə Pedaqoji Universitetlə yanaşı, digər ali təhsil müəssisələrinin nümayəndələri, professor-müəllim heyəti, doktorant, magistrant və bakalavriat tələbələri, eləcə də təhsil ekspertləri və jurnalistlər iştirak ediblər.
Dinləməni giriş sözü ilə açan ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov diqqətə çatdırıb ki, Pedaqoji Forumun budəfəki dinləməsində Türkiyə Respublikasının Hacettepe Universitetinin Təhsil fakültəsinin Təhsil elmləri bölməsinin professoru Səlahəddin Gelbalın məruzəsi dinləniləcək.
Məruzəçi haqqında məlumat verən prorektor qeyd edib ki, prof. S.Gelbal həyatının 40 ilindən çoxunu Hacettepe Universitetində təhsil araşdırmalarına, təhsildə qiymətləndirmə üzrə tədqiqatlara sərf edib. Vurğulanıb ki, bu dövrdə prof. S.Gelbal 50-dək magistant, 40-dək doktorant yetişdirib, tədqiqat sahəsi üzrə beynəlxalqsəviyyəli jurnallarda 60-dək elmi məqaləsi dərc olunub. O, müxtəlif illərdə Hacettepe Universitetinin Təhsil İnstitutunun və Təhsil Elmləri bölməsinin rəhbəri vəzifələrində çalışıb.
Daha sonra söz məruzəçiyə verilib. “Ali təhsildə ölçmə və qiymətləndirmədə yeni çağırışlar” mövzusunda məruzə ilə çıxış edən prof. Səlahəddin Gelbal ali təhsil sistemində ölçmə və qiymətləndirmənin önəmi, bu sahədə ən son yanaşmalar, ölçmə və dəyərləndirmə metodları haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, müasir dünyada ölçmə və qiymətləndirmə ali təhsil sisteminin ayrılmaz tərkib hissəsi, təhsilin keyfiyyətinin öncül göstəricilərindəndir.
Eyni zamanda, məruzəçi, bu sahədə öz təcrübələrini və gəldiyi nəticələri də tədbir iştirakçıları ilə bölüşüb.
Məruzədən sonra dinləmə iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb.
Dinləmənin sonunda çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov məruzəçiyə minnətdarlığını bildirərək, son 7 il ərzində fəaliyyət göstərən Pedaqoji Universitetin Pedaqoji Forumunun dinləmələrinin təhsil sahəsində aktual mövzuların və problemlərin müzakirəsi üçün unikal platforma kimi formalaşdığını, eyni zamanda Forumda təhsil sahəsində ən son dünya trendləri, müasir yanaşmalar haqqında məruzələrin elmi-pedaqoji ictimaiyyətə təqdim olunduğunu diqqətə çatdırıb.
Rektor qeyd edib ki, Pedaqoji Universitetdə təhsildə ölçmə və qiymətləndirmə sahəsində mütəxəssislərin hazırlanması məqsədi ilə magistratura səviyyəsində “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisaslaşması üzrə tədris həyata keçirilir, eyni zamanda davamlı olaraq qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində iş aparılır.