Mayın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.
ADPU və onun filiallarının bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr üçün təşkil olunan “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin keçirilməsində əsas məqsəd Universitetin istedadlı tələbələrini aşkar edərək onların peşəkar inkişafına dəstək olmaq və gələcək kadr bankı formalaşdırmaqdır.
“bp Azərbaycan”, “Prestij-S” Tədris Mərkəzi və “İT Brains Academy” müsabiqənin sponsorlarıdır.
Yarımfinala vəsiqə qazanan 130 iştirakçı komandalar halında intellektual kvizdə iştirak edib, müxtəlif situasiya məsələlərini həll edib, eləcə də layihə hazırlanması və təqdim olunması üzrə tapşırıqları icra ediblər. Yekunda komandalar hazırladıqları layihələri münsiflər heyəti qarşısında təqdim ediblər.
Proses boyu iştirakçılar ekspertlər tərəfindən komanda və fərdi halda müxtəlif bacarıqlar üzrə qiymətləndiriliblər. Yaxın günlər ərzində yarımfinalın nəticələrinin elan olunması gözlənilir. Təxminən 60 nəfər müsabiqənin finalına vəsiqə qazanacaq.
Final mərhələsinin may ayının ikinci ongünlüyündə keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Sən də bacararsan!” şüarı ilə keçirilən müsabiqənin 10 qalibinin hər birinə 1000 AZN məbləğində pul mükafatı və digər hədiyyələr, xarici dil və İT üzrə ödənişsiz kurslar, Təşkilat Komitəsi tərəfindən təyin olunacaq mentorlarla 1 illik peşəkar inkişaf proqramı (proqramın sonunda müvafiq referans məktubu veriləcək) və kadr bankına əlavə olunma imkanı təqdim olunur. Eyni zamanda, müsabiqənin finalçıları da kadr bankına əlavə olunmaqla onlara da müvafiq sertifikatlar və hədiyyələr təqdim olunacaq.