Mayın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Əbədi ömrün ikinci yüzilliyi” adlı konfrans keçirilib. Tədbirdə universitet rəhbərliyi, fakültə dekanları, şöbə, mərkəz və kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdən əvvəl universitet rəhbərliyi, əməkdaş və tələbələr Fəxri xiyabanda Ulu Öndərin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını ifadə ediblər.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Tərlan Ağayevin moderatorluğu ilə keçirilən konfrans Ulu Öndərin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsininin yad edilməsi ilə başlayıb.
Giriş nitqi ilə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti və fəaliyyəti təkcə Azərbaycanın coğrafiyası ilə məhdudlaşmır. O, hazırkı postsovet ölkələrinin tarixində də önəmli rol oynamış qlobal miqyaslı şəxsiyyətdir. Ulu Öndərin işləyib hazırladığı müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsi bu gün də mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycanı zirvələrə aparan ideoloji baza rolunu oynamaqdadır. Heydər Əliyevin uzun illər ərzində formalaşdırdığı möhkəm bünövrə cənab İlham Əliyevə imkan verdi ki, öz prezidentliyi dövründə Azərbaycanı sürətli inkişaf yoluna çıxarsın, ölkənin hərbi qüdrətinin durmadan artırılmasını və beynəlxalq dəstəyi təmin etsin. Məhz belə zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş siyasət nəticəsində 30 il işğal altında qalan torpaqlarımız silah gücünə düşməndən azad edildi, ölkənin istisnasız olaraq bütün əraziləri üzərində Azərbaycan dövlətinin suverenliyi tam bərqərar olundu.
Giriş nitqinin dinlənilməsindən sonra konfrans iştirakçıları Heydər Əliyevə həsr olunmuş sənədli filmə tamaşa ediblər. “Qarabağ Zəfəri - Heydər Əliyev siyasətinin davamının məntiqi nəticəsidir” mövzusunda çıxış edən ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının baş müəllimi, t.ü.f.d. Taleh Cəfərov misilsiz qələbəni şərtləndirən amillərdən söz açıb.
Gənc müğənni Vüqar Muradovun ifasında “Ulu bir sərkərdə, Ulu bir öndər” mahnısının dinlənilməsindən sonra ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Taleh Mirzəyev “Ekoloji problemlərin həlli Heydər Əliyevin çoxşaxəli fəaliyyətində prioritet istiqamətlərdən biri kimi” adlı məruzə ilə çıxış edib.
Ekranda uşaq xorunun ifasında “Sən elə bir zirvəsən” mahnısı nümayiş olunub, ardınca ADPU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cəmilə Qurbanova “Heydər Əliyevin gənclər siyasəti: dünəndən bu günə” mövzusunda çıxış edib.
Konfrans ADPU-nun “Meh” ədəbi dərnəyi üzvlərinin Zəlimxan Yaqubun “Heydər inamı” şeiri əsasında qurduğu ədəbi-bədii kompozisiyanın təqdim olunması ilə yekunlaşıb.