Mayın 27-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu və Botanika İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
Pedaqoji Universitetdə baş tutan imzalanma mərasimində ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva və Genetik Ehtiyatlar institutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkbərov iştirak edib.
Sənədə əsasən tərəflər arasında müvafiq istiqamətlər üzrə münasibətlərin qurulması, tədrisin təkmilləşdirilməsi və inkişaf etdirilməsi və kadr hazırlığı sahəsində birgə əməkdaşlıq, elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur.
Mərasimdə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov Pedaqoji Universitetin elmi-tədqiqat institutları ilə birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması, elmi kadrların hazırlanması, müasir tələblərə cavab verən dərsliklərin yazılması, elmi konfransların keçirilməsi və digər məsələlər üzrə gələcək əməkdaşlığının perspektivləri və zəruriliyini vurğulayıb.
Daha sonra sənədlər imzalanıb.
İmzalanma mərasimində, həmçinin ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Kimya və biologiya fakültəsinin dekanı, dosent Reyhan Ağayeva, fakültənin dekan müavini, dosent Bəsti Əsədova və Botanika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhsəti Qurbanova da iştirak ediblər.