Previous Next

ADPU-da Qazi Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Qazi Universitetinin tələbələrlə iş üzrə prorektoru professor Yücel Gəlişli, Təhsil fakültəsinin dekanı professor Mahmud Səlvi, ADPU-dan isə universitetin rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva, Tədris departamentinin direktoru dosent Sənan Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak ediblər.
ADPU və Qazi Universiteti arasında əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr zamanı bir neçə əsas məqamlar vurğulanıb. Görüşdə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, tələbə və müəllim mübadiləsi, ortaq elmi tədqiqatların aparılması, konfrans və seminarların təşkili, akademik proqramların uyğunlaşdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Professor Cəfər Cəfərov universitetlər arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib və bu istiqamətdə atılacaq addımların ADPU tərəfindən dəstəklənəcəyini bildirib. O, həmçinin, hər iki universitetin akademik potensialından səmərəli istifadə etməklə təhsil keyfiyyətinin artırılmasının önəmini vurğulayıb.
Qazi Universitetinin tələbələrlə iş üzrə prorektoru prof. Yücel Gəlişli iki qardaş ölkə arasında təhsil sahəsində mövcud olan tarixi əlaqələrə toxunaraq, bu əməkdaşlığın gələcəkdə daha da genişlənməsi üçün potensialın olduğunu bildirib. Universitetin Təhsil fakültəsinin dekanı prof. Mahmud Səlvi də bu əməkdaşlığın hər iki universitetin akademik və elmi inkişafına mühüm töhfə verəcəyini ifadə edib.
Görüşdən sonra qonaqlar Pedaqoji Universitetin tədris binası ilə tanış olaraq, burada fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi, Türksoy kafedrası, Türkoloji Mərkəz, Heydər Əliyev Mərkəzi və elektron kitabxanada olub, həmçinin yeni açılmış Dil və ədəbiyyat müəllimliyi (türk dili üzrə) ixtisasının tələbələri ilə görüşüblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search