Previous Next

15 İyun – Milli Qurtuluş Günü və müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun təbriki

Hörmətli həmkarlar və əziz tələbələr!

Hər birinizi 15 İyun – Milli Qurtuluş Günü və müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm.

1990-cı illərdə Azərbaycanda dərinləşən siyasi-iqtisadi böhran, daxili və xarici pozucu qüvvələrin dövlətin əsaslarının sarsıdılmasına və ərazilərimizin işğalına yönəlmiş fəaliyyəti ölkəmizi vətəndaş qarşıdurması və müstəqilliyin itirilməsi kimi böyük təhlükə ilə üz-üzə qoymuşdu. Məhz belə bir kritik məqamda görkəmli dövlət xadimi Heydər Əliyev xalqımızın səsinə səs verdi. Xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də yüksək dövlət orqanı olan parlamentin – Ali Sovetin sədri seçildi və böyük nüfuza malik siyasi lider kimi respublikamızı dərin siyasi burulğanlardan, hərc-mərclikdən çıxarmaq üçün gərgin fəaliyyətə başladı. Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycanda vətəndaş müharibəsinin alovlanmasının qarşısı alındı və gənc dövlətimiz xaosdan, müstəqilliyin itirilməsi təhlükəsindən qurtuldu, bununla da dövlət quruculuğunda yeni mərhələyə qədəm qoydu. Beləliklə, 15 İyun tarixi Milli Qurtuluş Günü kimi xalqın yaddaşında möhkəm yeri aldı.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu 1993-2003-cü illər Azərbaycanın bir dövlət kimi anarxiyadan qurtulduğu, iqtisadi və siyasi əsaslarının formalaşdığı və beynəlxalq birliyin tamhüquqlu subyektinə çevrildiyi mərhələdir. Məhz bu 10 ildə Azərbaycan Respublikasının milli inkişaf strategiyası təşəkkül tapdı və qətiyyətlə reallaşdırıldı, müstəqilliyimizin əbədiliyi və dönməzliyi təmin edildi.

Ümummilli Liderin rəhbərliyi ilə başlanan və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yaradıcı şəkildə uğurla davam və inkişaf etdirilən dövlət quruculuğu siyasəti cəmiyyət həyatının bütün sahələrini əhatə edir. Mədəni irsin, milli yaddaşın bərpası və yaşadılması da bu kontekstdə xüsusi önəm daşıyır. Belə ki, Ulu Öndər dini-mədəni dəyərlərimizin qorunması və təbliği məsələlərinə daim həssaslıqla yanaşmış, böyük qayğı göstərmişdir. Bu günlərdə qeyd edəcəyimiz Qurban bayramı da özündə mənəvi həmrəyliyi və birliyi, cəmiyyətin bütövlüyünü ehtiva edən ali dəyərlərin təcəssümü kimi əsrlər boyu xalqımız tərəfindən yaşadılıb və nəsildən-nəslə ötürülüb.

Bu qayğı hazırda Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən ən yüksək səviyyədə davam etdirilir.

Ümumiyyətlə, Azərbaycan dövləti və xalqı milli qurtuluşun memarı Ulu Öndər Heydər Əliyev yolunun layiqli davamçısı olan Prezident İlham Əliyevin timsalında daha böyük zirvələrə addım atır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə doğma Qarabağı işğaldan azad edən Azərbaycan Respublikası 2023-cü ildə lokal xarakterli qısamüddətli antiterror tədbirləri ilə öz ərazi bütövülüyü və suverenliyini tam bərqərar etdi. Beləliklə, bu il biz bütün bayramlarımızı, eləcə də Milli Qurtuluş Gününü və Qurban bayramını bütöv, suveren Azərbaycanın bütün ərazisində, o cümlədən Xankəndidə və Xocalıda qürurla qeyd edirik.

Dəyərli həmkarlar və tələbələr!

Bir daha hər birinizi müstəqil dövlətçilik tariximizdə özünməxsus yeri olan Milli Qurtuluş Günü və mənəvi həmrəylik, birlik rəmzi olan Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, təhsilimizin davamlı inkişafı və ölkə­mizin tərəqqisi üçün çalışan bütün əməkdaşlarımıza elmi-pedaqoji fəaliyyət­lərində böyük əzm və yeni-yeni uğurlar, tələbələrimizə müasir biliklər əldə etmək yolunda təşəbbüskarlıq və fədakarlıq, davam edən imtahan sessiyasında nailiyyətlər arzulayıram.

Bayramınız mübarək!

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search