İyulun 31-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda ali təhsil müəssisələrinin sərgisinin açılışı olub. Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov iştirakçıları salamlayaraq ali təhsil müəssisələrinə qəbul kampaniyası və ixtisas seçimi ərəfəsində abituriyentlərlə ali təhsil müəssisələri nümayəndələrinin birbaşa görüş fürsətinin əhəmiyyətini vurğulayıb və qonaqlara Dövlət İmtahan Mərkəzinin təşəbbüsünə qoşulduqları üçün təşəkkür edib.
Sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların – Dövlət İmtahan Mərkəzi, Elm və Təhsil Nazirliyi, Tələbə Təhsil Kredit Fondu, “Abituriyent” jurnalı redaksiyası və otk.az onlayn sınaq imtahanı portalının stendləri ilə yanaşı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) stendi də yer alır.
31 iyul – 2 avqust 2024-cü il tarixlərində təşkil olunan sərgidə abituriyentlər və onların valideynləri Pedaqoji Universitetin stendində ADPU-nun nümayəndələri ilə birbaşa ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, təhsil haqqı, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab ala bilərlər.
Sərginin ilk günündən ADPU-nun stendinə xüsusi maraq göstərən abituriyentlərin ixtisas seçiminə dəstək göstərmək məqsədi ilə universitet əməkdaşları tərəfindən Pedaqoji Universitet haqqında ətraflı məlumatlar verilərək, ziyarətçilərə ADPU-dakı ixtisaslar, tədris infrastrukturu, tələbə həyatı, təqaüd və güzəşt imkanları, mübadilə proqramları və s.-lə bağlı informasiyaların əks olunduğu məlumatlandırıcı broşür və bukletlər təqdim edilir.
Qeyd edək ki, 3000 nəfərdən çox ziyarətçinin qatılması gözlənilən sərgiyə giriş ödənişsizdir.