Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır. Azərbaycanın isə gələcək üçün xarici siyasətində prioriteti məlumdur – Türk dünyası ilə münasibətlərin daha da inkişafı, bütün digər ölkələrlə bərabər və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması.
2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması və bu müddəanın yerinə yetirilməsi Türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq, Şərqdən Qərbə uzanan vahid marşrut xəttini formalaşdıracaq ki, bu da böyük bir coğrafiyada yüklərin rahatlıqla, qısa zaman kəsiyində və daha münasib qiymətə daşınmasına böyük töhfə verəcək.
Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək.
Cənab Prezidentin Astana şəhərində Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlət başçılarının görüşündə iştirakı Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi və ticarət əməkdaşlığının dərinləşdirilməsi istiqamətində əhəmiyyətli addımların atılmasına imkan yaradır.
Mərkəzi Asiya dövlətləri də qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Təsadüfi deyil ki, region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır. 2024-cü il martın 12-də isə Qazaxıstan tərəfindən Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Eyni zamanda, Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəb bu dəstəyin bariz nümunəsidir.
Ümumiyyətlə, dövlətimizin başçısının şəxsi nüfuzu, yürütdüyü uzaqgörən siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır.
Professor Mahirə Hüseynova,
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, Əməkdar müəllim