Previous Next

Azərbaycan-Özbəkistan münasibətləri yeni müstəviyə qədəm qoyub

Dünyada müşahidə edilən proseslərə istinadən deyə bilərik ki, Azərbaycanın apardığı uğurlu xarici siyasət ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət Azərbaycanın müxtəlif dövlətlər, eləcə də, Mərkəzi Asiya ölkələri ilə ikitərəfli əlaqələrinin sürətli inkişafına təkan verir.

Bu baxımdan Özbəkistanla əlaqələr mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkə liderlərinin qarşılıqlı səfərləri türk dövlətləri arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm tarixi hadisədir. Ölkə Prezidenti cənab İlham Əliyevin son iki ildə Özbəkistana beş səfəri olmuşdur. Bu səfərlər, habelə səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan və özbək xalqları arasında dostluğun, qardaşlığın əyani təzahürüdür.

Ümumiyyətlə, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi prioritet təşkil edir. Enerji resurslarının Xəzər vasitəsilə nəqli, Qazaxıstan və Türkmənistan neft-qazının Azərbaycan vasitəsilə Avropaya çıxarılması əlaqələrin güclənməsinə təkan verir.

Ölkə başçısı cənab İlham Əliyev cari ilin 23 avqust tarixində Özbəkistanda bu ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşündə çıxış edərək hər iki ölkə arasında mövcud olan münbit investisiya mühiti, həyata keçirilməkdə olan investisiya proqramları və biznes layihələri haqqında məlumat verərək bildirmişdir: “İndi Özbəkistanla Azərbaycan arasında mövcud olan ən yaxşı siyasi konyunktura heç bir yerdə mövcud deyil. Ona görə də bu, iş adamlarımızı birlikdə işləməyə və o cümlədən, birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biridir. Özbək investorları üçün Azərbaycanda işləmək, sərmayə qoymaq da əlverişli və faydalı olacaq”.

Səfər çərçivəsində iki ölkə prezidentlərinin iştirakı ilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”, həmçinin bir sıra sahələrdə əməkdaşlığı möhkəmləndirəcək sənədlər imzalandı. Qeyd edək ki, müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Bütün bunlar Azərbaycan-Özbəkistan münasibətlərinin yeni müstəviyə qədəm qoyduğunun bariz nümunəsidir.

 

Dosent Asif AXUNDOV,

ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search