Previous Next

Ölkə üzrə pedaqoji kadr hazırlığının 34 faizi ADPU-nun payına düşür – Elmi Şuranın iclası

Sentyabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2024/2025-ci tədris ili üçün ilk iclacı keçirilib.

Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov yeni tədris ili ərəfəsində qarşıda duran vəzifələr və perspektivlər haqqında danışaraq diqqətə çatdırıb ki, qarşıdan gələn tədris ilində Pedaqoji Universitetdə bir sıra yeni istiqamətlər üzrə intensiv işlər aparılacaq. Bunlara misal olaraq, tələbələrlə müntəzəm sorğuların davam etdirilməsi, xarici universitetlərlə yeni ikili diplom proqramları üzrə müqavilələrin imzalanması, beynəlxalq reytinqlərdə təmsil olunmaq üçün işin gücləndirilməsi, e-universitet sisteminin tətbiqinin genişləndirilməsi, ixtisaslar üzrə proqram akkreditasiyası, eləcə də “ADPU 2030” Strateji İnkişaf  Planının qəbul olunmasını qeyd edə bilərik.

Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov “ADPU-nun 2024/2025-ci tədris ilinə hazırlığının vəziyyəti barədə” geniş məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, 2023/2024-cü tədris ilinin yaz imtahan sessiyasından sonra 54 fənn üzrə təşkil olunan Yay semеstrində ümumilikdə 295 nəfər (keçən il 158 nəfər) tələbə iştirak edib.

2024-cü ildə Pedaqoji Universitetdən  məzun olan 2317 bakalavrdan 812-si Azərbaycanda magistraturaya qəbul olunub, 71 nəfəri isə təkrar bakalavr, magistratura və doktorantura səviyyələri üzrə xaricdə təhsilə müraciət ediblər (ümumilikdə məzunların 38 faizi). Xaricdə təhsilə müraciət edən məzunlar, əsasən, Türkiyə, ABŞ, Kanada və müxtəlif Avropa ölkələrində təhsillərini davam edəcəklər. Hərbi xidmətə gedən 237 nəfər istisna olmaqla əmək bazarına çıxan məzunlardan 612 nəfəri MİQ imtahanlarında iştirak edərək uğur qazanıb, 142 nəfəri dövlət orqan və müəssisələrində, 308 nəfəri özəl təhsil müəssisə və şirkətlərində, 211 nəfəri isə qeyri-təhsil özəl sektor müəssisələrində əmək fəaliyyətinə başlayıb. Beləliklə, ötən tədris ilinin məzunlarının ilkin məlumatlara görə 1273 nəfərinin məşğulluğu təmin olunub.

Məruzədə 2024/2025-ci tədris ili üzrə tələbə qəbulunun nəticələri ilə bağlı qeyd olunub ki, qəbul planı bakalavriat səviyyəsi üzrə 99, magistratura səviyyəsi üzrə isə 100 faiz təşkil edib.

Vurğulanıb ki, cari ildə pedaqoji ixtisaslarda ölkə üzrə ümumi plan yerləri 595 nəfər azalsa da, ADPU üzrə plan yerlərinin sayı 85 nəfər artırılıb. Ümumilikdə, ölkə üzrə pedaqoji ixtisasların plan yerlərinin 34 faizi ADPU-nun (filiallarla birlikdə) payına düşür.

Bu il Pedaqoji Universitetə qəbul olunanların 80 faizi (2121 nəfər) 300-dən, 48 faizi isə (1252 nəfər) 400-dən, 12 faizi isə (314 nəfər) 500-dən yüksək bal toplayanlardır. Həmçinin qəbul olunanlar arasında 8 nəfəri 600 baldan yüksək nəticə göstərib, 6 nəfəri isə beynəlxalq idman uğurlarına görə müsabiqədənkənar qaydada ADPU-ya qəbul olunub.

ADPU-ya qəbul olunan tələbələrin 1551 nəfəri (59,06 %) dövlət sifarişi əsasında qəbul olunub, ödənişli əsaslarla qəbul olunanlardansa 166 nəfəri (6,3 %) isə təhsil haqqına güzəşt hüququndan istifadə ediblər. Beləliklə, ümumilikdə Pedaqoji Universitetə cari ildə qəbul olunan tələbələrin 65,4 faizi dövlət hesabına təhsil alacaq.

Ödənişli təhsil alacaq tələbələrdən 134 nəfəri (12,5 %) təhsil tələbə kreditinə müraciət edib.

Məruzədə, həmçinin qeyd olunub ki, 2024/2025-ci tədris ilində ADPU-da təhsil almaq üçün 42 nəfər əcnəbi vətəndaş müraciət edib və hazırda sənəd qəbulu davam edir.

Rektorun müşaviri Ümid Mehdiyevin “ADPU-nun 2024/2025-ci tədris ili üçün strukturunun və ştat vahidlərinin təsdiq edilməsi barədə” məruzəsində isə yeni tədris ilində Pedaqoji Universitetdə inzibati idarəetmə sahəsində səmərəliliyi artırmaq, insan resursları və sənəd dövriyyəsinin idarə olunmasında daha çevik yanaşmaları tətbiq etmək məqsədi ilə həyata keçirilən struktur islahatları haqqında məlumat verilib. Qeyd olunub ki, yeni tədris ilindən universitetin Ümumi şöbəsinin ləğv olunması, İnsan resursları şöbəsinin isə çevirilmə yolu ilə səlahiyyətləri artırılaraq İnsan resursları və kargüzarlıq şöbəsinə çevirilməsi nəzərdə tutulur. Sənəd dövriyyəsinin isə yeni yaranacaq şöbənin tərkibində fəaliyyət göstərəcək Kargüzarlıq bölməsi tərəfindən icra olunacağı diqqətə çatdırılıb.

Eləcə də, universitetdə İnformatika müəllimliyi ixtisasının tələbələri üçün “Lütfi Zadə adına təqaüd”ün təsis olunması haqqında məsələ müzakirəyə çıxarılıb. Qeyd edək ki, bununla da ADPU-dakı adlı təqaüdlərin sayı 14-ə çatacaq.

Tədris departamentinin  direktoru dosent Sənan Əliyev 2024/2025-ci tədris ili üçün proqnozlaşdırılmış dərs yükü və ADPU-nun Akademik Təqviminin, 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələrinə əsasən adlı təqaüd alan namizədlərin siyahısının və “ADPU-da tələbələrin kurs işləri (layihələri) haqqında Qaydalar”ın təsdiq olunması haqqında təqdimat edib.

Elmi katib, r.ü.f.d. Nərminə Abdullayeva professor Asəf Zamanovun “Naxçıvanlı elmlər doktorları” adlı kitabının nəşrinə icazə verilməsi barədə arayış verib.

Yekunda müzakirə olunan məsələlər haqqında Şura tərəfindən müsbət qərarlar qəbul olunub. Həmçinin “ADPU 2030" Strateji İnkişaf Planı layihəsinin ictimai müzakirəyə çıxarılması barədə qərar verilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search