Previous Next

ADPU-nun alimləri COP29-a həsr olunan beynəlxalq konfransda iştirak ediblər

17-18 sentyabr tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, nazirliyin tabeliyində Botanika İnstitutu, Quraq Ərazilərdə Biomüxtəlifliyin Mühafizəsi İttifaqı (BCAA) və Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə Botanika İnstitutunda COP29-a həsr olunmuş "Qarabağ və Şərqi Zəngəzurun aran ərazilərinin florasında problemlər və həlli yolları" adlı beynəlxalq konfrans keçirilib.

Tədbirin açılış mərasimində Çin Elmlər Akademiyasının Sincan Ekologiya və Coğrafiya İnstitutunun baş direktoru, BCAA-nın təsisçisi və prezidenti professor Zhang Yuanminq, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin müdiri Mübariz Hacıbəyov, ADPU-nun rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva, dekan müavini dosent Bəsti Əsədova, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dosent Anaxanım Yusifova, eləcə də Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu, A.İ.Qarayev adına Fiziologiya İnstitutu, Zoologiya İnstitutu, "Mərkəzi Nəbatat Bağı" Publik Hüquqi Şəxsin nümayəndələri, yerli və beynəlxalq tədqiqatçı alimlər və mütəxəssislər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları institutun foyesində müəssisə alimlərinin elmi nailiyyətlərini əks etdirən sərgiyə baxıb, Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid nümunələrin saxlanılma şəraiti ilə tanış olublar.

Tədbiri Botanika İnstitutunun baş direktoru, prof. Səyyarə İbadullayeva açaraq COP29-a həsr olunmuş beynəlxalq konfransın yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə iqlim dəyişmələri, onların ətraf mühitə təsiri məsələlərinin həlli üzrə beynəlxalq təcrübələri bölüşmək məqsədi ilə keçirildiyini diqqətə çatdırıb.

Prof. S.İbadullayeva “Qarabağın dünəni, bugünü və sabahı” mövzusunda çıxış edərək Qarabağ və Şərqi Zəngəzurda aparılan monitorinq və çöl-tədqiqat işlərinin nəticələri haqqında məlumat verib. Məruzəçi sözügedən ərazilərə dəyən ziyanın qiymətləndirilməsinə aydınlıq gətirib.

Daha sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmisi Mübariz Hacıbəyov beynəlxalq konfransın keçirilməsini COP29-a gedən yolda müəyyən edilmiş hədəflərə nail olmaq üçün həyata keçirilən təşəbbüslərdən biri  kimi qiymətləndirib.

Konfransın plenar hissəsində müxtəlif istiqamətlər üzrə yerli və xarici alimlərin təqdimatında məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.

Tədbirin davamında “Azərbaycan Televiziyası”nda (AZTV) “Qarabağ və Şərqi Zəngəzurun aran ərazilərinin florasında problemlər və həlli yolları" adlı beynəlxalq konfransa həsr olunmuş dəyirmi masa keçirilib.

Sonda konfransın bəyannaməsi hazırlanıb və iştirakçılara sertifikatlar təqdim olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search