Son illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qocaman professor-müəllimlərin təqaüdə təntənəli şəkildə yola salınması ənənəsi formalaşmaqdadır. Sentyabrın 18-də ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasında baş müəllim Çiçək Bəhram qızı Hümbətovanın təqaüdə yola salınması ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan kafedranın müdiri professor Fərrux Rüstəmov vaxtı ilə ona dərs demiş Çiçək xanımın elmi-pedaqoji fəaliyyəti haqqında geniş danışıb. Qeyd edib ki, 1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsini bitirən Ç.Hümbətova 1971-ci ildən indiyə kimi İbtidai təhsilin pedaqogikası kafedrasında baş lobarant, müəllim və baş müəllim vəzifələrində çalışıb. 2 metodik tövsiyənin, 40 elmi məqalənin müəllifidir. 5 məqaləsi xarici ölkələrin nüfuzlu elmi jurnallarında nəşr olunub. İşlədiyi dövrdə yüksək əxlaqi keyfiyyətləri, peşəkarlığı ilə seçilib. Universitetin və fakültənin elmi və ictimai həyatında fəal iştirak edib, professor-müəllim heyətinin və tələbə kolektivinin sevimlisi olub. “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalı ilə təltif olunub.
Sonra fakültənin dekanı prof. Qızxanım Qəhrəmanova Çiçək müəllim haqqında xatirələrini bölüşüb, onu peşəkar müəllim, gözəl ailə başçısı, humanist və xeyirxah həmkar kimi dəyərləndirib. ADPU-nun rektoru, prof. Cəfər Cəfərovun adından təltif olunduğu Fəxri Fərmanı Çiçək xanıma təqdim edilib.
Ardınca təəssüratlarını bölüşən kafedra əməkdaşları Çiçək xanımı dəyərli insan və örnək müəllim kimi dəyərləndirərək ondan çox şey öyrəndiklərini dilə gətiriblər.
Tədbirin sonunda öz xahişi ilə doğma kollektivdən ayırılan Çiçək xanım çıxış edərək ADPU-nun rektoru prof. C.Cəfərova, fakültə və kafedra rəhbərliyinə və həmkarlarına öz təşəkkürünü bildirib.