Dekabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu ADPU-nun rektoru professor Cəfər Cəfərov və Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev imzalayıblar.
Qarşılıqlı əməkdaşlıq elmi-tədqiqat və kadr hazırlığı sahəsində maddi-texniki baza və kadr potensialından birgə istifadə, tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, müvafiq ixtisas sahələri üzrə birgə elmi əsərlərin çap edilməsi və digər məsələləri əhatə edir.
İmzalanma mərasimində ADPU-nun Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva, dekan müavini dos. Bəsti Əsədova, Ümumi kimya və kimyanın tədris texnologiyası kafedrasının müdiri dos. Kəmalə İskəndərova, Analitik və üzvi kimya kafedrasının müdiri prof. Əli Zalov, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, institutun elmi katibi, baş elmi işçi Mina Münşiyeva, laboratoriya müdiri prof. Akif Əliyev, institutun təhsil şöbəsinin müdiri dos. Sevinc Məmmədova iştirak ediblər.
Sonda ADPU-nun rektoru prof. Cəfər Cəfərov Pedaqoji Universitetin 100 illiyinə həsr olunan universitetin tarixini və inkişaf yolunu əks etdirən yubiley nəşrlərini instituta hədiyyə edib. Eyni zamanda akademik Dilqəm Tağıyev institutun tarixi və tərəqqi yolu ilə bağlı kitabları prof. Cəfər Cəfərova təqdim edib.