Dekabrın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev dərsləri”nin sayca 25-ci məşğələsi keçirilib. Budəfəki tədbirdə Kimya və biologiya fakültəsinin 2 qrupu iştirak edib.
Bir akademik saat davam edən dərsdə tələbələr öncə mərkəzin əməkdaşı Aynurə Əsgərovanın müşayiəti ilə Heydər Əliyev Muzeyində nümayiş olunan, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sənədlər, fotolar, kitab və məcmuələrlə tanış olublar.
Muzeylə tanışlıq yekunlaşdıqdan sonra tədbir Heydər Əliyev Məktəbinin lektoriyasında davam edib. Dərsin iştirakçıları qarşısında çıxış edən Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov qeyd edib ki, Ümummilli Lider həm fitri istedadı, həm də gərgin əməyi sayəsində istər təhsil illərində, istərsə də rəhbər vəzifələrdə çalışdığı dövrlərdə ən yüksək nailiyyətlər qazana bilib. Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana uğurla rəhbərlik edib, onun hərtərəfli inkişafını təmin edərək Sovet İttifaqının 15 respublikası arasında qabaqcıl mövqelərə çıxarıb. Müstəsna keyfiyyətlərinə görə o, 1982-ci ildə SSRİ-nin ali partiya və dövlət rəhbərlərindən biri səviyyəsinə yüksəlib. 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider qısa müddətdə ölkədə tüğyan edən xaos və anarxiyanın, etnik separatizm təzahürlərinin qarşısını alıb, hakimiyyəti silahlı yolla devirmək praktikasına birdəfəlik son qoyub. Beləliklə, Azərbaycan yenicə qazandığı müstəqilliyini itirmək təhlükəsindən qurtulub, həyata keçirilən kompleks islahatlar sayəsində davamlı inkişaf yoluna qədəm qoyub.
Dərsin davamında dünya liderlərinin Ulu Öndər haqqında söylədikləri fikirlərdən ibarət slaydların izlənilməsindən sonra Heydər Əliyevə həsr olunan sənədli film nümayiş olunub.
İştirakçıların fəallığı ilə keçən son hissədə Heydər Əliyevin həyat və fəaliyyətinə dair qarşılıqlı sual-cavab və müzakirələr aparılıb.