Previous Next

ADPU-da gənc tədqiqatçılar üçün təlim keçirilib

Dekabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Gənc Alim və Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə universitetin gənc alim və tədqiqatçıları üçün “Scopus məlumatlarının təhlili və şərhi. Tədqiqat metriklərinin istifadəsi və təhlili üzrə”  mövzusunda növbəti təlim keçirilib.

İclası giriş sözü ilə açan ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov qeyd edib ki, respublikamızda elm və təhsil sahəsində aparılan islahatlar və tətbiq olunan yeniliklər ADPU-da da uğurla davam etdirilir. Prorektor bildirib ki, ADPU  Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş Doktorantların və Gənc Tədqiqatçıların XXVII Respublika Elmi Konfransında ilk dəfə olaraq 15 nəfər gənc tədqiqatçı ilə təmsil olunub.

Professor A.Zamanov təlimin aktuallığından danışaraq diqqətə çatdırıb ki, təlimçi Azərbaycan tarixi kafedrasının gənc müəllimi Sahibə Musayeva Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Elsevier” və “Clarivate” şirkətlərinin Respublikada ilk dəfə birgə həyata keçirdiyi 4 aylıq elmmetriya üzrə mütəxəssis hazırlığı (“Top advisor on Scientometric Databases Training Program – 2024”) proqramında iştirak edərək müvəffəqiyyətlə başa vurub.

Daha sonra təlimçi Sahibə Musayeva Scopus məlumat bazasında məqalə, jurnal və müəllifin məhsuldarlıq göstəricisini ölçmək üçün müvafiq metriklərdən düzgün şəkildə istifadə edilməsi haqqında təqdimat edib və “CiteScore”, “The SCImago Journal Rank” (SJR), “Source Normalized Impact per Paper” (SNIP), “Field-Weighted Citation Impact” (FWCI), “Citation Count”, “h-index” kimi metrikləri şərh edib. S.Musayeva  “ScienceDirect” platforması haqqında da iştirakçılara məlumat verib.

Təlimdə iştirak edən Azərbaycan tarixi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Naibə Əhmədova, ADPU-nun Gənc Alimlər və Tədqiqatçılar Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru İlkin Əsgərov gənc alim və tədqiqatçıların inkişafında belə praktik təlimlərin vacibliyi və aktuallığından danışıblar.

Sonda təlim iştirakçılarının sualları cavablandırılıb və təkliflər müzakirə olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search