Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibə bir çox vacib məqamları ilə yadda qaldı.
Əvəlcə onu qeyd edək ki, cari ilin yanvarın 21-24-də İsveçrənin Davos-Klosters şəhərində 50-ci Dünya İqtisadi Forumu keçirilmişdir və Azərbaycan bu tədbirdə ali rəhbərlik səviyyəsində təmsil olunmuşdur. Davos Forumu keçirilən müddət ərzində dünyanın hər yerindən 250-yə yaxın siyasi xadim də daxil olmaqla, ümumilikdə 3000-dən çox şəxsin iştirak etdiyi görüşlərdə ən mühüm məsələlər barədə müzakirələr aparılmışdır. Davos Forumu həm də yüksək səviyyəli iştirakçıları ilə məşhurdur. Beləliklə, dünya birliyinin bütün sektorlarından ən vacib liderləri bir araya gətirmək və ən önəmli qlobal problemlərin mümkün həll yollarını müəyyənləşdirmək Forumun əsas strategiyasıdır. Dünyanın böyük önəm verdiyi Davos İqtisadi Forumunda diqqətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yönəlməsi ayrıca vurğulanmalı məqamdır.
Qlobal iqtisadiyyatda yeni artım mənbələrinə ehtiyac, biznes strategiyalarının geoiqtisadi və texnoloji dəyişikliklərə uyğunlaşdırılması zərurəti, beynəlxalq münasibətlər sistemindəki çətinliklər, çətinliklərdəki kataklizm təmayülü, silahlı münaqişələr, qlobal istiləşmə, ümumən iqlim dəyişmələri və nəhayət enerji böhranın formalaşdırdığı durum dünyaya, necə deyərlər, fərqli pəncərədən baxışı qaçılmaza çevirib. Deməli, müasir dövrə, daha doğrusu, dövrün formalaşdırdığı ab-havaya adekvat lider obrazı ilə cavab verilməlidir. Yəni, bu obraz yeni çağırışların ruhunu son dərəcə müfəssəl bilməli, ən başlıcası isə biliyinə strateji mahiyyət qazandırmalı, onu fundamentallaşdırmalıdır. DİF çərçivəsində Ölkə başçısı cənab İlham Əliyev liderliyinə maraq dövlətimizin başçısının məhz bu keyfiyyətlərin daşıyıcısı olması ilə əlaqədardır. Qlobal çağırışlar kontekstində Azərbaycanın siyasi təsirini və iqtisadi artımını gücləndirmək üçün ciddi perspektivlər var ki, bu da təkcə ölkə üçün deyil, bütün region üçün vacibdir.
Müsahibə zamanı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Çin münasibətləri ilə bağlı fikirlərini ifadə edib, ölkələr arasında əlaqələri yüksək qiymətləndirib. Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə dəstək verən ilk ölkələrdən biri olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Bütövlükdə, Azərbaycan Cənubi Qafqaz regionunda lider dövlətdir, eləcə də Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovuşuğunda yerləşir, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan Azərbaycan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Qədim İpək Yolu və müasir “Bir kəmər, bir yol” strategiyası üçün çox vacib rol oynayan Azərbaycanın nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərir.
Ölkə Prezidenti cənab İlham Əliyev müsahibəsində ölkəmizin yaşıl gündəliyi barədə səsləndirdiyi fikirlər də beynəlxalq ictimaiyyət üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkə başçısı ümumbəşəri maraqları təlqin edən prinsipial mövqe nümayiş etdirərək bildirdi ki, qazıntı enerji növlərinə malik olan ölkələrin məsuliyyəti əldə etdikləri gəlirləri yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya etməkdən ibarətdir. Azərbaycan da bu gün məhz bunu edir. Ölkəmizin 2027-ci ilə qədər olan hədəfi 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaqdır. Cənab Prezident bunu da qeyd etdi ki, bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Çünki burada söhbət məhsulun keyfiyyəti və qiymətindən gedir və heç bir ölkə Çinlə bu rəqabəti apara bilmir. Diqqətəlayiq haldır ki, hazırda Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses artıq gedir. Bununla da dünya ictimaiyyəti bir daha Prezident İlham Əliyevin təqdimatında Azərbaycanın artan iqtisadi qüdrəti, iqtisadiyyatın şaxələndirilməsi, habelə neft və qaz sahəsindən asılılığın azaldılması istiqamətində davamlı işləri barədə ətraflı məlumatlar əldə etdi.
Beləliklə, Davos Forumu çərçivəsində Çin televiziya kanalına verdiyi müsahibədə dövlətimizin başçısı iki ölkə arasında qarşılıqlı münasibətlərindən bəhs etməklə yanaşı, Azərbaycanın nailiyyətləri, o cümlədən çox uğurla keçirilən COP29 barədə də ətraflı məlumat verib. Bu amil güclü və qüdrətli ölkəmizin dünyaya təqdim edilməsində növbəti bir imkan və vasitə oldu.
Arzu DAŞDƏMİROV,
ADPU-nun Fizika fakültəsinin dekanı, dosent, Əməkdar müəllim