Previous Next

ADPU-da növbəti İLK

 

                                                                    14 məzun ibtidai sinif müəllimliyi ixtisasını ingiliscə bitirdi.

Sayca 14 nəfərdirlər. İbtidai sinif müəllimliyi ixtisası üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alırlar. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “ilk”lərindəndirlər. ADPU-da İbtidai sinif müəllimliyi ixtisası üzrə tədrisi ingilis dilində təşkil edilən ilk qrupdur.

                                                                                                        Müdafiə

 

342-ci otaqdayıq. Səhər saat 10-da onların müdafiəsi başlayıb. Rektor Cəfər Cəfərov və İbtidai təhsil fakültəsinin dekanı Fərrux Rüstəmovun rəhbərlik etdiyi böyük bir komissiya qarşısında təqdimatla çıxış etməlidirlər. Üstəlik, təhsil naziri Emin Əmrullayevin də onların müdafiəsinə qatılacağı gözlənilir. Belə bir komissiya qarşısında çıxış edəcək, təcrübəli müəllimlərə müəllimliyin sirlərindən danışacaq, hər biri özünü müəllim kimi sübut etməyə çalışacaq, müəllimlərini buna inandıracaqlar. Olduqca çətin görünür, elə deyilmi? Ona görə də həyəcanlıdırlar. Buna baxmayaraq, özlərinə güvəndikləri aydın görünür. 

Buraxılış işinin müdafiəsində  ilk söz Mədinə Taibovaya verilir. Təqdimatı “Uşaqlara dinləmənin öyrədilməsi” mövzusundadır. Təqdimatından özü də razıdır, müəllimləri də: ”4 ay təcrübə keçdik və gördüm ki, uşaqlar məni dinləyir. Elə özüm də dinləməyi yaxşı bacarıram”.

İbtidai təhsil fakültəsinin İbtifai sinif müəllimliyi ixtisası üzrə sonuncu tədris ili tələbəsi Mədinə Taibova deyir ki, qəbul olunanda tədrisi ingilis dilində deyil, Azərbaycan dilində olan bir ixtisas seçib: “İngilis dilində tədrisə başlayanda ingilis dilini orta səviyyədə bilirdim. Burada müəllimlərimin sayəsində həm ingilis dilində olan bilik səviyyəmi inkişaf etdirdim, həm də ixtisasım üzrə bilik və bacarıqlara yiyələndim. Beynəlxalq məktəblərdə təcrübə keçdim. Britaniya, Avropa tədris sistemi ilə dərslər keçdik. Britaniyadan gələn müəllimlərdən tövsiyələr aldıq, təcrübələrini öyrəndik. Buna görə də özümü çox şanslı hiss edirəm”. 

Mədinədən sonra Sənubər kürsüyə dəvət olunur.Sənubər Əmrəhmədova da xüsusi təşkil edilmiş qrupda təhsil almağın, necə deyərlər, “haqqını verir”. İstər səlis danışığı, istər qazandığı ixtisas biliyini tətbiqetmə bacarığı, istərsə də, təqdimatı ilə münsiflər heyətində müsbət rəy yaradır.

                                                                                              Dövlət yanınızdadır

Növbəti təqdimat Fəridə İmanzadənindir. O öz müdafiəsinə başlayan anda  təhsil naziri də  tələbələrin buraxılış işinin  müdafiəsinə qatılır və dinlədiyi tələbələrin təqdimatından çox razı qalır.

Emin Əmrullayev tələbələrin bu səviyyədə yetişməsində rolu olan müəllimlərə, dekanlığa təşəkkürünü bildirib. Tələbələrin peşə seçiminin də uğurlu olduğunu deyən təhsil naziri onlara dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıb. Təhsilini xaricdə davam etdirmək istəyənlərə isə xaricdə təhsil üzrə dövlət proqramlarına baş vurmağı tövsiyə edib. 

                                                                                      330 nəfərin içərisindən seçilənlər

Fakültə dekanı prof.Fərrux Rüstəmov ADPU-da rektor prof.Cəfər Cəfərovun əmri ilə yaradılan eksperimental qruplardan,özünün təşkil etdiyi ingilis dilli qrupdan həvəslə və böyük şövqlə danışır.  3 il əvvəl bu yola çıxanda müəyyən tərəddüdləri olsa da, bu gün ali pedaqoji təhsil tarixində  yeni bir ilkə imza atmaqlarından  qürurludurlar. Bizimlə söhbətində prof.Fərrux Rüstəmov bildirdi ki, bu ideyanın müəllifi rektor, professor Cəfər Cəfərovdur. O, bütün fakültələrdə  SABAH kimi xüsusi qrupların təşkilini, tədrisdə fərqli tədris texnologiyalarının tətbiqini,  həmin qruplar üçün zəruri infrastrukturla təmin edilmiş  auditoriyaların yaradılmasını tapşırdı. İbtidai sinif müəllimliyi ixtisası üzrə SABAH qrupu olduğundan yeni yaradılacaq qrupda  tədrisin ingilis dilində aparılmasını planlaşdırdıq.  Bunun üçün geniş araşdırma apardım. Məlum oldu ki, Bakıda ingilis dilli xeyli ibtidai məktəb və sinif fəaliyyət göstərir. Bir neçə məktəbdə oldum. Öyrəndim ki, həmin məktəblərdə tədris aparan müəllimlərin əksəriyyəti ya xarici ölkələrdən dəvət olunub, ya da  ingilis dili müəllimləridir. Axı, ibtidai sinif müəllimlərinə dil bacarıqları ilə yanaşı, həm də riyazi qabiliyyətlər, musiqi və rəng duyumu  lazımdır. Onlar həyat bilgisi, texnologiya və fiziki tərbiyə fənlərini də tədris etməyi bacarmalıdırlar. İngilis dili müəllimlərinə bunların heç biri öyrədilmir. Digər tərəfdən, hesab edirəm ki, tədris ingilis dilində aparılsa da, ibtidai siniflərdə  dərs keçənlər hökmən azərbaycanlı müəllimlər olmalıdır. Axı, xarakteri xarakter formalaşdırır.
 Təd­ri­sin azərbaycan dilində təşkil olunduğu məktəb direktorları ilə söhbət zamanı onlar da mənim fikrimi dəstəklədilər, gələcəkdə məktəblərində ingilis bölməsinin yaradılmasını arzuladıqlarını bildirdilər. İndiki  14 nəfər məzun ibtidai sinif müəllimliyi ixtisasında bir il  Azərbaycan dilində oxuyublar. İkinci tədris ilində  330 tələbənin içərisindən   ingilis dilini bilmə səviyyələrinə və riyazi qabiliyyətlərinə görə seçiliblər.

Üç il müddətində onlar intensiv şəkildə ingilis dilini öyrənmiş, bütün fənləri ingilis dilində keçmişlər. İngilis dilinin qrammatikasını və metodikasını f.ü.f.d.Esmira Ağamirzəyeva,  Talehə Əhmədova,  pedaqoji fənləri p.ü.f.d.Firəngiz Kərimova, Sevinc Rüstəmova, humanitar fənləri s.e.f.d. Rəşad Sadıqov, f.ü.f.d.Paşa Quluzadə, riyazi fənləri və informatikanı dos.Sevinc Cəbrayılzadə, musiqini  Mədinə Ağayeva, təsviri incəsənəti prof.Cəmilə Həsənzadə, fiziki tərbiyə fənnini Zərifə Bayramova tədris etmişdir. Bu müəllimlərin hamısı ingilis dilini mükəmməl bilən, müxtəlif beynəlxalq sertifikatları olan, Avropa, ABŞ və Türkiyədə  magistratura hazırlığı və ya 3-6 aylıq kurs keçən müəllimlərdir. İbtidai siniflərdə fiziki tərbiyə və onun tədrisi metodikası fənnini tədris edən Zərifə Bayramova magistraturanı Böyük Britaniyada, inklüziv təhsil, təhsil fəlsəfəsi fənlərini  tədris edən Sevinc Rüstəmova İsveçin Götenburq Universitetinin magistraturasını bitirmişdir. Tələbələrimizdən 3 nəfər buraxılış yekun Attestasiya imtahanı vermiş və yüksək qiymət almışlar. 13 nəfər isə  bu  gün pedaqogika, ingilis dili  üzrə buraxılış işi müdafiə edəcəklər.Tələbələrin elmi rəhbərləri pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Firəngiz Kərimova, filologiya üzrə fəlsəfə doktoru Esmira Ağamirzəyeva və Sevinc Rüstəmovadır. Hər üç müəllimimiz də qrupumuz kimi, qürurumuzdur”.

                                                                      “Onların hər birini Universitetimizə bağlamaq istərdim”

ADPU-nun rektoru, prof.Cəfər Cəfərov isə tələbələrini əlindən vermək istəmir. Rektor “Azərbaycan müəllimi”nə açıqlamasında tələbələrin müdafiəsini neçə illik zəhmətin bəhrəsi kimi qiymətləndirib, onlardan qürurla danışıb: “Universitetimizdə tədrisin keyfiyyətini artırmağı və dünyamiqyaslı universitet səviyyəsinə çatdırmağı arzulayırıq. Biz hədəfimizə doğru irəliləyirik. Tələbələrimiz, sadəcə ingilis dilində təqdimat qabiliyyətinə görə yox, müəllimlik bacarığına görə də yetişmiş hazır müəllim olduqlarını göstərdilər. Onlar tələbə olarkən müxtəlif treninqlərdə iştirak ediblər, beynəlxalq sertifikatlar qazanıblar. Tələbələrimiz 6  saylı məktəb-liseydə, Landau school-da və British collage-də pedaqoji təcrübədə olublar. Hər biri başqa yerlərdən çoxsaylı iş təklifləri alıb. Onların hər birini Universitetimizə bağlamaq istərdim. Kreativ düşüncəli belə gəncləri universitetimizdə  magistrant, doktorant və müəllim kimi görmək bizim arzumuzdur. Hesab edirəm ki, bu layihə uğurla davam edəcək.Keçən il Dövlət İmtahan Mərkəzi tərəfindən ibtidai sinif müəllimliyi ixtisasına 15 nəfər tələbə qəbul olunub. Bu il isə 25 nəfərin qəbulunu planlaşdırmışıq. Müəllim hazırlığı ilə bağlı görüləcək işlər çoxdur, bununla bağlı xeyli yeni layihələr  həyata keçirməyi planlaşdırırıq. Ümidvaram ki, ADPU bu ənənəsini davam etdirəcək, bundan sonra da pedaqoji kadr hazırlığında öz liderliyini qoruyub saxlayacaq.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin