Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi və ictimai-sosial inkişaflarına dəstək göstərmək məqsədi ilə hər həftəsonu universitet daxilində fəaliyyət göstərən tələbə təşkilatları tərəfindən mütəmadi olaraq müxtəlif layihələr icra olunur. Geridə qoyduğumuz həftəsonu da bu qəbildən olan ənənəvi tədbirlər davam edib.
ADPU-nun Təhsil Könüllüləri Tələbə Birliyi (TKTB) tərəfindən aprelin 5-də gitara, rəqs və dil dərnəkləri təşkil edilib. Gitara dərsi Kimya və biologiya fakültəsinin tələbəsi Məhəmmədəli Hüseynli, rəqs dərsi İncəsənət və fiziki tərbiyə fakültəsinin tələbəsi Mənzər Verdiyeva, xarici dil dərsləri isə eyni fakültənin tələbəsi Arzu Orucəliyeva tərəfindən tədris edilib. Həmçinin, təşkilat tərəfindən “İntellektual melodiya” adlı musiqili intellektual yarış təşkil edilib.
ADPU-nun Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən CreART Mədəniyyət Klubunun təşkilatçılığı ilə “Keçmişə səyahət” adlı intellektual yarış keçirilib. Azərbaycan filmləri, musiqisi, ədəbiyyatı, tarixi və mədəniyyəti mövzularını əhatə edən yarışda ADPU və müxtəlif ali təhsil müəssisələrini təmsil edən ümumilikdə 18 komanda mübarizə aparıb. Təşkilat tərəfindən eyni zamanda tələbələrin Azərbaycan Dəmiryol Muzeyinə ekskursiyası da təşkil edilib.