Azərbaycan ilə Çin arasında diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. Bu illər ərzində əlaqələr güclənib, müxtəlif sahələrdə müştərək əməkdaşlıq təşəbbüsləri irəliləyib. 1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycanda səfirliyi açılıb. 1993-cü ilin sentyabrında isə Azərbaycan Milli Məclisi Pekində səfirliyin açılması haqqında qərar qəbul edib. Azərbaycan-Çin münasibətlərinin inkişafı Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra daha da sürətlənib. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Çinə rəsmi səfəri zamanı iki ölkə arasında səkkiz mühüm müqavilə imzalanıb. 1996-cı ilin aprelində isə Çin Xalq Respublikasının Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub. Bu səfərlər qarşılıqlı əməkdaşlığın və dostluğun möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Ölkə başçısı cənab İlham Əliyev də Çinlə əlaqələrin inkişafına xüsusi diqqət ayırır. 2003-cü ildən sonra dövlətimizin başçısı bir neçə dəfə Çində rəsmi səfərdə olub. 2015-ci ildə həyata keçirilən səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd ölkələrimizin əməkdaşlığında mühüm önəm daşıyır. Son illər ərzində Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir. Qarşılıqlı səfərlərin dinamikliyi bu əlaqələri daha da möhkəmləndirir.
Cari ilin aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində qeyd etdi ki, 2019-cu ilin aprelində Çində keçirilən 2-ci “Kəmər və yol” Forumunda çıxışımda bu layihənin təkcə nəqliyyat əlaqəsini təmin etmədiyini, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirdiyini, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini və beynəlxalq ticarət üçün yeni imkanlar yaratdığını bildirmişdim. “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığımız genişləndirilir. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir. Statistik rəqəmlərə diqqəti yönəldən dövlət başçısı İlham Əliyev vurğuladı ki, son 20 ildə ölkəmizdə 21 min kilometr avtomobil yolları salınıb və təmir edilib, 335 körpü və yolayrıcı, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üzrə böyük işlər görülüb, 1500 kilometrdən artıq dəmir yolu tikilib və 1800 kilometrlik sahə təmir edilib. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır.
Azərbaycan-Çin münasibətlərinin güclü təməli, həm də Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında qurulmuş sıx əlaqələr və qarşılıqlı mübadilə mexanizmləri üzərində qurulub. Çin tərəfi, eyni zamanda beynəlxalq platformalarda Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləməklə bu münasibətlərin dostluq və strateji əməkdaşlıq xarakterini bir daha təsdiqləmiş olur. Azərbaycanın bu cür böyük iqtisadi və siyasi gücə malik olan Çinlə eyni platformada yer alması, layihələrdə fəal iştirak etməsi, ölkəmizin artan beynəlxalq çəkisinin və geosiyasi rolunun göstəricisidir.
Hazırda isə Ölkə Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunun, eyni zamanda qarşılıqlı əməkdaşlığın növbəti mərhələyə keçəcəyinin mühüm göstəricisidir. Səfər çərçivəsində aparılacaq danışıqlar və imzalanacaq sənədlər Azərbaycan-Çin əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoymasının sübutu olacaq. Bir sözlə, dövlət başçısının Çin Xalq Respublikasına səfəri çərçivəsində keçirilən görüşlər və müzakirə olunan məsələlər, iqtisadi, siyasi və diplomatik sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəkdir.
Rəşad SADIQOV,
s.e.ü.f.d., ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri