Previous Next

Ölkə Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri qarşıdakı dövrün hədəflərini müəyyən edir

Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı sürətdə faydalı əməkdaşlıq prinsiplərini rəhbər tutan Azərbaycan Çin Xalq Respublikası ilə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.

Azərbaycanla Çin münasibətlərinin inkişafı Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələndən sonra daha da güclənib. 1994-cü ilin 7-10 mart tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olub. Səfər zamanı iki dövlət arasında səkkiz müqavilə imzalanıb. Çin Xalq Respublikasının Sədri Heydər Əliyevlə danışıqlarda bildirib ki, Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün onunla birlikdə səy göstərməyə hazırdır. 1996-cı ilin aprelində isə Çin Xalq Respublikasının Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub.

İki respublika arasında möhkəm diplomatik və mədəni əlaqələr bu gün də mövcuddur. Azərbaycanın ikitərəfli əməkdaşlığa verdiyi önəm bugünkü reallıqlarda özünü aydın şəkildə nümayiş etdirir. Qarşılıqlı səfərlərin uğurla davam etdiyi indiki vaxtda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri iki ölkənin münasibətlərinin tarixinə nəzər salınaraq qarşıdakı dövrün hədəflərini müəyyən edir. 

Səfəröncəsi ölkə başçısının Sinxua Agentliyinə verdiyi müsahibə, daha sonra Pekində Çinin CGTN (China Global Television Network) telekanalının “Danışır liderlər” verilişinə dəvət alması həm ölkəmizin nüfuzunun yüksək səviyyədə dəyərləndirilməsi, həm də onun liderinin personasına xüsusi münasibətin göstəricisidir. İkitərəfli münasibətlərin hazırkı yüksək səviyyəyə çatmasında dövlət başçıları cənab İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasındakı dostluq əlaqələrinin əhəmiyyətli rolu var.

Ölkə Prezidenti cənab İlham Əliyev müsahibəsində strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamədə iki ölkənin mövcud müqavilə-hüquqi bazası çərçivəsində təhsil sahəsində əməkdaşlığın sabit inkişafının bəyan edildiyini diqqətə çatdırıb. Bununla yanaşı dövlət başçısı qeyd edib ki, dillərin öyrənilməsi və tədrisi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib: “Düşünürəm ki, Azərbaycandan daha çox sayda tələbənin buraya gəlməsi üçün böyük imkan var. Həmçinin, zənnimcə, Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar. Hazırda biz bu imkanın dəyərləndirilməsi mərhələsindəyik. Lakin sözsüz ki, insanlar nə qədər çox səyahət edirlərsə, mədəniyyət, xalq barədə nə qədər çox bilirlərsə, ölkələr arasında əlaqələr bir o qədər də daha sıx olur. Çünki, bəli, biz siyasi qərarlar qəbul edirik, strateji tərəfdaşlarıq. Biz liderlər və hökumətlər olaraq dostuq. Lakin bizim xalqlarımızın da daha çox yaxınlaşmasına, onların da dost olmasına ehtiyacımız var”

Azərbaycan və Çinin ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı əldə edən ölkələrimizin vətəndaşlarının sayı ildən-ilə durmadan artır. Konfutsi İnstitutunun tərəfdaşları olan Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dili tədris olunur. Sevindirici haldır ki, son illərdə Çində də Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi mərkəzləri fəaliyyətə başlayıb, müvafiq kafedra yaradılıb. İki ölkənin universitetləri arasında məhsuldar əməkdaşlıq həyata keçirilir, zəruri müqavilə-hüquqi baza yaradılır. Çin və Azərbaycan dillərinin təhsil müəssisələrində tədrisinin, müəllimlər arasında mübadilənin və mütəxəssislər hazırlanmasının dövlət tərəfindən dəstəklənməsi dövlətlərin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətinin səmərəliliyinə imkan yaradacaq, iki xalqın yaxınlaşmasına və qarşılıqlı mədəni zənginləşməsinə xidmət edəcək.

Bütün bunlar o deməkdir ki, qlobal beynəlxalq gündəmin əsas məsələlərinə dair bizim mövqelərimiz üst-üstə düşür. Dünyanın super gücü olan ÇXR ilə münasibətlərimizin yüksək məcraya çatdırılması həm tərəqqi və inkişafın təminatı, həm də qloballaşan və dəyişən dünyanın sərt reallıqlarına qarşı son dərəcə ciddi sığortadır. Beləliklə, tam qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin Si Cinpin ilə görüşü, eləcə də imzalanmış mühüm dövlət sənədi Bakı–Pekin münasibətlərini bütün sahələrdə daha da dərinləşdirəcək, qarşılıqlı təmasları və dialoqu intensivləşdirəcək, ikitərəfli əlaqalərə yeni məzmun və keyfiyyət qazandıracaq.

 

Dosent Asif AXUNDOV,

ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search