2025-ci il 28 may tarixində Laçında baş tutan Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü tarixə sadəcə protokol səviyyəsində deyil, yeni qlobal güc mərkəzinin bəyanı kimi daxil oldu. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsinin məhz Müstəqillik Gününə təsadüf etməsi özündə mühüm çağırışları birləşdirdi. Laçında yaradılan yeni infrastrukturların açılışı, bu açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mühüm hadisə kimi yadda qaldı.
Ümumiyyətlə, Azərbaycan, Türkiyə və Pakistan – bu üç qardaş ölkə ortaq tarixə, mədəniyyətə, dini dəyərlərə və strateji maraqlara əsaslanan münasibətləri ilə dünyada seçilən nadir əməkdaşlıq nümunəsidir. Bu münasibətlər sadəcə diplomatik deyil, həm də dərin mənəvi bağlarla birləşmiş qardaşlıq münasibətləridir. Bu gün hər üç ölkə arasında münasibətlər təkcə siyasi arenada deyil, həm də iqtisadi, hərbi, humanitar və mədəni sahələrdə yüksələn xətlə inkişaf edir. İldən-ilə, gündən-günə daha da güclənən bu əlaqələr bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 may 2025-ci il tarixində çıxışı zamanı bu məqamlara toxunaraq qeyd etdi: “Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.
2020-ci ildə qazanılan böyük Zəfərdən sonra Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında, o cümlədən strateji və tarixi əhəmiyyətə malik Laçın şəhərində keçirilən tədbirlər bu qardaşlıq əlaqələrinin canlı təzahürüdür. 30 ilə yaxın müddətdə işğal altında olan Laçın şəhərinin azad olunması yalnız hərbi deyil, həm də mənəvi bir zəfərdir. Bu torpaqlarda Azərbaycanın, Türkiyənin və Pakistanın nümayəndələrinin birgə iştirakı ilə keçirilən tədbirlər, sadəcə siyasi məna daşımır, eyni zamanda dərin simvolik və tarixi əhəmiyyət kəsb edir. Bu gün Laçında Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının yanaşı dalğalanması təkcə dostluq rəmzi deyil, həm də beynəlxalq hüququn və ədalətin təntənəsidir.
Artıq bu üçtərəfli format, regional və qlobal geosiyasətdə yeni güc mərkəzi kimi özünü göstərir. Türkiyə və Pakistanın Azərbaycanın haqq mübarizəsindəki dəstəyi, həmçinin Laçın kimi strateji bölgədə birlikdə olmaları, bu İttifaqın yalnız siyasi deyil, həm də hərbi, iqtisadi və ideoloji birlik olduğunu nümayiş etdirir.
Beləliklə, Azərbaycanın yeni inkişaf strategiyasının təməlində dayanan bu ittifaq, regionda davamlı sülhün və iqtisadi tərəqqinin əsas zəmanətidir. Ölkə başçısı cənab İlham Əliyevin vurğuladığı kimi, üç ölkənin birliyi, həm də xarici müdaxilələrə qarşı dayanıqlılığın artırılması, ortaq təhlükəsizlik məsələlərində mövqeyin möhkəmləndirilməsi və müstəqil siyasətin qorunması baxımından həyati əhəmiyyət kəsb edir. Bundan əlavə, bu müttəfiqlik müsəlman aləmində birgə inkişafın, qarşılıqlı dəstəyin və sülhün təmin olunması üçün nümunəvi model olaraq çıxış edir. Bu model, geosiyasi rəqabətin artdığı və qlobal güclərin bölgəyə marağının yüksəldiyi bir dövrdə, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq əsasında dayanan yeni tipli beynəlxalq münasibətlərin təzahürüdür.
Professor Asəf Zamanov,
Fizika-riyaziyyat elmləri doktoru, Əməkdar müəllim, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru