Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Previous Next

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun 22 İyul – Milli Mətbuat Günü münasibətilə təbrik

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun 22 İyul – Milli Mətbuat Günü münasibətilə təbriki

Hörmətli media təmsilçiləri!

Bu gün milli mətbuatımızın yaranmasından 147 il ötür. Bu münasibətlə Azərbaycan həqiqətlərini, o cümlədən təhsil sahəsində baş verən yenilikləri operativ olaraq ölkə ictimaiyyətinə və beynəlxalq aləmə çatıdıran jurnalistlərimizi səmimi-qəlbdən təbrik edirəm.
Əsası 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə qoyulan mətbuatımız uzun və şərəfli bir yol keçib. O vaxtdan indiyədək Azərbaycan mediası, müxtəlif dövrlərdə üzləşdiyi çətinliklərə, təzyiq və məhdudiyyətlərə baxmayaraq, cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb, vətəndaşların məlumatlandırılması və maarifləndirilməsi sahəsindəki missiyasını bütövlükdə layiqincə yerinə yetirib.
Dövlət müstəqilliyinin bərpasından sonra milli mətbuatımızın inkişafı bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1998-ci ildə imzaladığı fərmanla kütləvi informasiya vasitələri üzərində dövlət senzurası ləğv edildi. Bu addım ölkəmizdə söz və ifadə azadlığının genişlənməsinə, Azərbaycan mətbuatının həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişafına güclü təkan verdi.
Ulu öndərin mətbuata və media nümayəndələrinə göstərdiyi diqqət və qayğı son 19 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda qəzet və jurnal nəşr olunur, müxtəlif dillərdə saytlar fəaliyyət göstərir, internet qəzetçilik inkişaf edir. Cənab Prezidentin sərəncamı ilə ötən ilin əvvəllərində bu sahədəki fəaliyyəti daha da təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi təsis edildi. Dövlət başçısının tapşırığı ilə “Media haqqında” yeni qanun layihəsi hazırlandı. Milli mətbuatın ildönümlərinin ölkədə geniş qeyd olunması, KİV-lərə mütəmadi yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan ardıcıl addımlar mətbuata və media nümayəndələrinə qayğının tərkib hissəsidir.
Məmnunluq hissi ilə qeyd etmək olar ki, yüksək vətənpərvərliyi, peşəkarlığı və çevikliyi ilə fərqlənən jurnalistlərimiz həm Birinci, həm də xüsusən İkinci Qarabağ müharibəsi dövründə üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldilər, düşmənin informasiya və təbliğat sahəsindəki təxribatlarının qarşısının alınmasında mühüm rol oynadılar. Danılmaz faktdır ki, bütün bu işlərin həyata keçirilməsində ən böyük missiyanı məhz cənab Ali Baş Komandanın özü reallaşdırdı. Müharibə günlərində dövlət başçısının 30-dan çox beynəlxalq media qurumuna verdiyi geniş və müstəsna dərəcədə dolğun müsahibələr ölkəmiz ətrafında yaradılmış informasiya blokadasının darmadağın edilməsini, müharibə və erməni vəhşiliyi barəsində həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasını təmin edən başlıca amil oldu.
Milli Mətbuat Günündə Azərbaycan Dövlət Pedaqoji Universitetində ictimaiyyətlə əlaqələr və media ilə iş məsələlərinə böyük önəm verildiyini, ali məktəbin strukturunda bu sahəyə cavabdeh olan ayrıca şöbənin yaradıldığını xüsusi olaraq qeyd etmək istərdim. Universitet öz fəaliyyətini müasir dövrün tələblərini nəzərə alaraq operativlik, əlçatanlıq və etibarlılıq prinsipləri əsasında qurur. Belə ki, ADPU-nun 1958-ci ildən bəri müntəzəm nəşr olunan mətbu orqanı – “Gənc müəllim” qəzeti son vaxtlar yeni məzmun və dizaynda dərc edilməyə başlayıb, internet saytımız yenidən qurulub, bütün aparıcı sosial şəbəkələrdə rəsmi səhifələrimiz yaradılıb. Pedaqoji Universitet bu gün ölkənin bir çox aparıcı media qurumları ilə sıx və səmərəli əməkdaşlıq edir. Görülən tədbirlərin nəticəsidir ki, təhsil xidmətlərinin göstərilməsi ilə bağlı abituriyentlərin, tələbələrin, professor-müəllim heyətinin və bütövlükdə geniş ictimaiyyət nümayəndələrinin sual və müraciətləri yerindəcə cavablandırılır, problemlər operativ həll edilir, şəffaflıq təmin olunur.
Əziz jurnalistlər!
Bir daha sizi peşə bayramınız münasibətilə təbrik edir, bu əlamətdar gündə hər birinizə olduqca şərəfli, faydalı və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin