Previous Next

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərovun TƏBRİKİ

Əziz həmkarlar, dəyərli tələbələr!

Sizi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olan, dövlətçiliyimizin xilas edildiyi və gələcəyimizin təmin olunduğu 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

1993-cü ilin bu taleyüklü günü müstəqilliyini yenicə qazansa da, xarici hərbi təcavüzlə, ciddi daxili siyasi böhran və xaosla üz-üzə qalan, parçalanmaq və suverenliyini itirmək təhlükəsi yaşayan Azərbaycanın tarixi taleyini dəyişdi. Məhz xalqın çağırışı ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, siyasi uzaqgörənliyi və dövlətçilik təcrübəsi ölkəmizi uçuruma yuvarlanmaqdan xilas etdi. Milli Qurtuluş ideyası, haqlı olaraq, bu gün Azərbaycanın dirçəlişi, müstəqilliyi, sabitliyi və inkişafının təməl daşı kimi tariximizdə əbədi yer almışdır.

Ulu Öndər Heydər Əliyev müstəqil dövlət quruculuğunun sistemli şəkildə təşkili, hüquqi, iqtisadi və siyasi islahatların həyata keçirilməsi ilə Azərbaycanı uzunmüddətli sabitlik və inkişaf yoluna çıxartdı. O, sadəcə böhranı aradan qaldırmadı, həm də gələcək nəsillər üçün möhkəm əsaslara söykənən müstəqil və güclü dövlət modeli formalaşdırdı. Bugünkü qüdrətli Azərbaycan məhz həmin ideya və siyasətin davamlı nəticəsidir.

Bu gün həmin yolun uğurla davam etdirilməsi və yeni tarixi nailiyyətlərlə zənginləşdirilməsi Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və prinsipial rəhbərliyi ilə mümkün olmuşdur. Son illərdə Azərbaycanın əldə etdiyi zəfərlər, xüsusilə 2020-ci ilin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə və 2023-cü ildə həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası Milli Qurtuluş ideyasının parlaq təntənəsidir.

Hazırda azad Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri, Böyük Qayıdış prosesinin uğurla həyata keçirilməsi həm ölkəmizin gücünü, həm də gələcəyə olan əmin inamını göstərir. Yeni şəhərlər, müasir infrastruktur, ekoloji həssas yanaşmalar və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan quruculuq siyasəti Azərbaycanın gələcək inkişaf modelinin bariz nümunəsidir. Artıq bu il Milli Qurtuluş Günü Xankəndidə, Xocalıda, Ağdərədə – tam suveren Azərbaycanın bütün guşələrində böyük sevinc və qürur hissi ilə qeyd olunur.

 

 

Hörmətli həmkarlar və əziz tələbələr!

Milli Qurtuluş Günü sadəcə tarixi bir dönüş nöqtəsi deyil, həm də milli birliyin, vətəndaş həmrəyliyinin və güclü dövlət iradəsinin simvoludur. Azərbaycan Dövlət Pedaqoji Universiteti olaraq biz də bu ideologiyanın daşıyıcısı kimi, müstəqil dövlətimizin tərəqqisi və gələcək nəsillərin milli ruhda formalaşması naminə əzmlə çalışmağa davam edəcəyik.

Bu əlamətdar gün münasibətilə hər birinizə cansağlığı, təhsil və fəaliyyətinizdə uğurlar, əmin-amanlıq və daim ruh yüksəkliyi arzulayıram. Bütün tələbələrimizə isə davam edən imtahan sessiyasında müvəffəqiyyətlər diləyir, gələcəyin maarifpərvər və peşəkar vətəndaşları olacağınıza inandığımı bildirirəm.

Bayramınız mübarək olsun!

 

 

 

 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search