Previous Next

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü ortaq inkişaf və həmrəylik vizyonunun formalaşdırılması üçün strateji imkan pəncərəsidir

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısıdır. 1992-ci il noyabrın 28-də daha 7 ölkənin - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın da daxil olması ilə İƏT üzvlərinin sayı 10-a çatdı. Təşkilatın genişlənməsini rəsmiləşdirən həmin gün qurumun təqvimində “İƏT günü” kimi qeyd olunur.

Azərbaycan hər zaman İƏT-in fəaliyyətinə böyük önəm vermişdir. Təşkilatın uğurlu fəaliyyəti, əlbəttə ki, bütün üzv ölkələrin marağındadır. Çünki üzv dövlətləri həm ortaq tarix, həm də iqtisadi və siyasi maraqlar birləşdirir. Dövlətimiz İƏT üzvü olaraq bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış etmişdir. Ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi etmiş, bu tədbirlərdə qəbul olunmuş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri, istiqamətləri öz əksini tapmışdır.

2025-ci il iyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü öz işinə başlayıb. Bu məqsədlə ECO-ya üzv olan ölkələrin dövlət və hökumət başçıları, rəsmi nümayəndə heyətləri Xankəndi şəhərində bir araya gəliblər. Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar və digər mötəbər qonaqlar iştirak etmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17-ci Zirvə görüşündə çıxışı zamanı Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbirin keçirildiyini vurğulayaraq “2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim” deyib, Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası olduğunu bildirib. Ölkə başçısı Azərbaycanın ECO-nun işində həmişə fəal olduğunu da qeyd edərək, bu təşkilata üzv ölkələrlə əlaqələrimiz uğurla inkişaf ediyini diqqətə çatdırıb: “Bizim ölkəmizdə çox müsbət sərmayə iqlimi vardır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir.Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə biz dünyada ön sıralardayıq”.

Ümumiyyətlə, ECO-nun 17-ci Zirvə görüşü yalnız bir diplomatik və ya iqtisadi tədbir deyil, eyni zamanda, İslam dünyasının ortaq inkişaf və həmrəylik vizyonunun formalaşdırılması üçün strateji imkan pəncərəsidir. Azərbaycan üçün bu görüş iqtisadi diplomatiyanın gücləndirilməsi, regional liderliyin möhkəmləndirilməsi və İslam həmrəyliyinin təcəssüm etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Görüş çərçivəsində qəbul edilən qərarlar və irəli sürüləcək təşəbbüslər, gələcəkdə daha ədalətli və davamlı beynəlxalq münasibətlər sisteminin qurulmasına töhfə verə bilər.

Ümid MEHDİYEV,

ADPU-nun rektor müşaviri

 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search