Previous Next

Prezident İlham Əliyevin ABŞ səfəri yeni dövrün başlanğıcıdır

Vaşinqton, 7-8 avqust 2025 – Ağ Evdə baş tutan görüşlər, imzalanan mühüm sənədlər və tarixi qərarlar Azərbaycan diplomatiyasında yeni səhifə açdı. Prezident İlham Əliyevin ABŞ Prezidenti ilə keçirdiyi sammit həm iki ölkə münasibətlərinə, həm də Cənubi Qafqazda sülh prosesinə mühüm təkan verdi.

Səfərin əsas nailiyyətlərindən biri Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması barədə memorandumun imzalanması oldu. Bu sənəd çərçivəsində Strateji İşçi Qrupu yaradılacaq və növbəti altı ay ərzində enerji, ticarət, tranzit və regional bağlantıları, süni intellekt və rəqəmsal infrastrukturu, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdiriləcək.

Bu təşəbbüs olduqca mühüm siyasi-strateji və iqtisadi əhəmiyyətə malikdir. Dünyanın bir nömrəli dövləti ilə qeyd edilən istiqamətlərdə münasibətlərin inkişafı, şübhəsiz ki, Azərbaycan iqtisadiyyatının da inkişafına töhfə verəcək. Regiona sülhün gəlməsi ilə müxtəlif sahələrə milyardlarla investisiyalar, yeni texnika və texnologiya cəlb ediləcək. Ölkəmizdə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə orqanik kənd təsərrüfatı məhsulları istehsalı, müxtəlif xidmət sahələri, yenidən qurulan bu ərazilərdə rəqəmsallaşma və süni intellektdən istifadə kimi istiqamətlər amerikalı iş adamları üçün cəlbedici ola bilər. Aydındır ki, sülh yalnız siyasi qərar deyil, həm də uzunmüddətli iqtisadi tərəqqiyə açılan qapıdır. Bu mənada, Cənubi Qafqazın əməkdaşlıq regionuna çevrilməsi ümumi iqtisadi tərəqqi üçün yeni imkanlar yaradacaq.

Görüş zamanı ABŞ Prezidenti Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqini dayandırmaq barədə sərəncam imzaladı. 1992-ci ildən qüvvədə olan bu məhdudiyyət Azərbaycan üçün həm siyasi, həm də mənəvi maneə idi. Prezident İlham Əliyevin bildirdiyi kimi “Bu ədalətsizlik artıq aradan qaldırılıb və ədalət bərpa olunub”. Düzəlişin ləğvi yalnız rəmzi addım deyil, həm də Vaşinqton-Bakı münasibətlərində yeni etimad mühitinin formalaşmasına xidmət edir.

ABŞ, Azərbaycan və Ermənistan liderlərinin sammiti region tarixində nadir diplomatik uğur kimi yadda qaldı. Nəticə etibarilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsi paraflandı, ATƏT-in Minsk qrupu bağlandı, Ermənistanın konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması məsələsi gündəmə gətirildi.

Ən mühüm məqamlardan biri isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsi oldu. Bu layihə ABŞ rəhbərliyində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adı ilə həyata keçiriləcək.

Eyni zamanda, səfər çərçivəsində SOCAR və "ExxonMobil" şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb ki, bu da ölkəmizdə enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə yönəlib. Eləcə də Azərbaycan hazırda qazını NATO-nun 10 üzvü də daxil olmaqla 14 ölkəyə ixrac edir və yaxın illərdə həm Yaxın Şərq, həm də Avropa bazarlarında payını artırmağı planlaşdırır. Həmçinin, ABŞ şirkətləri ilə süni intellekt və rəqəmsal transformasiya sahələrində əməkdaşlıq müzakirələri başlayıb.

Şühbəsiz ki, Prezident İlham Əliyevin ABŞ səfəri bir çox baxımdan dönüş nöqtəsi oldu. Belə ki, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlişi, 907-ci düzəlişin ləğvi ilə tarixi ədalətin bərpası, Ermənistan-Azərbaycan sülh prosesində real irəliləyişi, regional nəqliyyat, enerji və texnologiya layihələrinin startı tarixi bir nəticədir.

Beləliklə, Vaşinqtonda imzalanan sənədlər Azərbaycanın regionda sabitlik və inkişafı prioritet seçdiyini bir daha təsdiqlədi. Bu hadisələr Azərbaycanın həm regionda, həm də beynəlxalq arenada mövqeyini daha da möhkəmləndirir. Vaşinqtonda imzalanan sənədlər təkcə bugünkü diplomatik uğur deyil, gələcək onilliklərin əməkdaşlıq xəritəsidir.

Eldar ASLANOV,

ADPU-nun tədris işləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search