Prezident İlham Əliyevin Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısındakı çıxışı bütün dünyaya Azərbaycanın qalibiyyətinin ifadəsi idi.
30 il davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi. Dövlət başçımız Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində yaradılmış ATƏT-in keçmiş Minsk qrupunun ümidləri doğrultmadığını və bu istiqamətdə heç bir iş görmədiyini də diqqətə çatdırdı.
Ölkə başçısı Ermənistan tərəfindən işğal zamanı şəhərlər və kəndlər, mədəni və dini abidələr, məscidlərimizin məqsədli şəkildə dağıdıldığını, təhqir və talan edildiyini xüsusi ilə vurğulamışdır. Prezident İlham Əliyev fikirlərinin davamında götürdüyü öhdəliyə əməl etməyən işğalçının minalanmış ərazilərin dəqiq xəritəsini bu vaxta qədər Azərbaycana təqdim etmədiyini də diqqətə çatdırmışdır. Ermənistanın torpaqlarımızı işğal altında saxladığı uzun bir zaman ərzində bu ərazilərdə bir milyondan çox mina basdırıldığı ehtimal olunur. Ermənistanın mina siyasətinin nəticəsində İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları vəsait lazımdır.
Bütün bunlara baxmayaraq Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır və “Böyük Qayıdış” adlanan proqramın artıq həyata keçirilməsinə başlanılıb.
Azərbaycan Prezidenti ölkəmizin hər zaman sülh tərəfdarı olduğunu bəyan edərək, qarşı tərəfin bu gün də müxtəlif təxribatlarla sülh prosesinə əngəl olduğunu diqqətə çatdırıb. Belə təxribatlardan biri də cari ilin sentyabr ayında həyata keçirilib və Azərbaycan Silahlı Qüvvələri tərəfindən layiqincə cavablandırılıb. Ermənistanın son illər ölkəmizə və vətəndaşlarımıza qarşı hər cür vəhşiliyinə rəğmən Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib və hər zaman öz prinsiplərinə sadiq qalıb. Cənab Prezident bir daha bəyan etdi ki, Azərbaycan sülh danışıqlarına sadiqdir, amma suverenliyimizə, ərazi bütövlüyümüzə qarşı istənilən təxribata vaxtında layiqli cavab veriləcəkdir.
Habil Həsənov - Tarix və coğrafiya fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru, dosent